BAKI, 27 noyabr. TELEQRAF
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının XIII turunda evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında çıxış edib.
Teleqraf xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə rəqib komandanın baş məşqçisi Rəşad Sadıqovla aralarında yaşanan gərginliyə münasibət bildirib:
"Mənimlə Sadıqov arasında heç nə olmayıb. Bəlkə də onda nəsə olub, məndə heç nə yoxdur. Mən davakar insan deyiləm, sakitəm. Ona qarşı heç bir iradım yoxdur. Sadəcə oyun zamanı bəzi epizodlara görə emosional reaksiya verdim, amma hər şey mədəni çərçivədə olub. Bu mövzunu birdəfəlik bağlamaq lazımdır".
Y. Vernidub görüşün gedişatını və son dəqiqələrdə etdiyi taktiki dəyişikliyi də şərh edib:
"Birinci hissə tamamilə bizim nəzarətimizdə keçdi, erkən qol vurduq və başqa fürsətlərimiz də oldu. İkinci hissənin 15-20 dəqiqəsi bərabər mübarizə şəraitində keçdi, daha sonra isə psixoloji amil özünü göstərdi – futbolçular qələbəni qorumaq istədikləri üçün müdafiəyə çəkildilər. 85-ci dəqiqədə üçüncü mərkəz müdafiəçisi Bədəlovu meydana buraxaraq 5-3-2 sisteminə keçdik. Bilirdik ki, "Zirə" cərimə meydançasına çoxlu asmalar edir, Volkov başla yaxşı oynayır, üstəlik mərkəz müdafiəçisi Ruan da hücuma qoşula bilər. Ucaboy müdafiəçilərimiz bu topların qarşısını uğurla aldılar".
Baş məşqçi komandasının 90 dəqiqə dominant futbol oynamaması ilə bağlı suala cavabında çempionatdakı rəqabətə və avrokubok matçlarına diqqət çəkib:
"Mən də "Neftçi"nin bütün 90 dəqiqə dominantlıq etməsini istəyirəm. Amma futbol inkişaf edir. Azərbaycan çempionatında "Sabah", "Qarabağ", "Zirə", "Turan", "Kəpəz", "Şamaxı" kimi güclü komandalar var və onlar da dominant oynamaq istəyirlər. Çempionlar Liqasında "Sabah" – "Barselona" oyununa baxdım. "Barselona"nın tam dominantlıq etdiyini deməzdim, "Sabah" qol vurdu və 0:0 hesabında da fərqlənə bilərdi. Dünən isə "Viktoriya Plzen" "Benfika"nı 4:0 hesabı ilə məğlub etdi. İndi futbol bərabərləşir. Futbolçularıma işə münasibətlərinə görə təşəkkür edirəm".
Mütəxəssis sonda "Neftçi" azarkeşlərini stadionun tribunalarını doldurmağa çağırıb:
"Fan-tribunamıza və stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Klubumuzun 90 illik yubileyidir, bizə dəstək olun. Baxın, "Kəpəz" azarkeşləri komandalarına necə dəstək verirlər, adamın ürəyi açılır. İstərdim ki, bizim stadionda da tribunalar tam dolsun. Siz "Neftçi"nin 12-ci oyunçusu və bizim irəli getməyimiz üçün əsas güc mənbəyimizsiniz".