BAKI, 13 iyun. TELEQRAF

150-dən çox İran pilotsuz təyyarəsi cavab zərbəsi endirmək üçün İraqın hava məkanını keçərək İsrailə tərəf yönəlib.

Teleqraf xəbər verir ki, bu barədə İraqın “Shafaq News” portalı məlumat yayıb.

İraqın yüksək rütbəli təhlükəsizlik mənbəsinin sözlərinə görə, pilotsuz təyyarələr İranla həmsərhəd olan Diyala əyaləti üzərində müşahidə edilib. O əlavə edib ki, İsrailin gecə saatlarında İrana endirdiyi zərbədən sonra eyni əyalətdə ən azı beş raket qalığı aşkarlanıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.

İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.