BAKI, 26 may. TELEQRAF

“İran Yaxın Şərq nüvə konsorsiumunun yaradılması ideyasını öz ərazisində uranın zənginləşdirilməsinə alternativ olaraq qəbul etməyəcək”.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

“Zənginləşdirmə və qondarma konsorsiuma gəlincə, bizə məlumdur ki, Yaxın Şərq ölkələri nüvə enerjisindən daha fəal istifadə etmək istəyir. Biz region ölkələrinin zənginləşdirmə və dinc nüvə layihələri üçün lazım olan yanacağın istehsalında iştirakının istənilən prosesini dəstəkləyəcəyik. Amma bu təşəbbüs heç bir halda İran daxilində uranın zənginləşdirilməsi prosesini əvəz edə bilməz”, - o bildirib.

Xatırladaq ki, mayın 14-də “The New York Times” öz mənbələrinə istinadla yazmışdı ki, Tehran uranı Amerika sərmayəsi ilə zənginləşdirmək üçün Yaxın Şərq ölkələrindən ibarət konsorsium yaratmağı təklif edib. Nəşrin məlumatına görə, İran xarici işlər naziri Abbas Əraqçi bu planı mayın 11-də Omanda dolayı danışıqlar zamanı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa təqdim edib. Nəşr konsorsiumun mümkün iştirakçıları kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin adını çəkib.