BAKI, 21 may. TELEQRAF
İran ABŞ-nin Tehrandan uranın zənginləşdirilməsi fəaliyyətini tamamilə dayandırması tələbindən sonra danışıqların beşinci raundunda iştirak edib-etməmək barədə hələ qərar verməyib.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
Nazir ABŞ-nin çoxsaylı tələblərinin danışıqların gedişinə mane olduğunu bildirib:
“Bizim mövqeyimiz tamamilə aydındır: razılaşma olsa da, olmasa da zənginləşdirmə davam edəcək. Əgər İranın dinc proqramı ilə bağlı şəffaflığa razı olsalar, biz hazırıq, amma bunun müqabilində nüvə proqramımızla bağlı iddialara görə tətbiq edilən sanksiyalar ləğv edilməlidir”.
Əraqçi danışıqların növbəti raundunun nə vaxt keçiriləcəyi ilə bağlı suala belə cavab verib:
“Danışıqların növbəti raundunda iştirak edib-etməmək barədə düşünürük. Masa arxasında radikallığa qarşıyıq, amma diplomatiyadan heç vaxt əl çəkmirik. Biz hələ də hansı vaxt və hansı məkanda faydalı danışıqların ola biləcəyini nəzərdən keçiririk”.
Xatırladaq ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bundan əvvəl Vaşinqtonun Tehrandan uranın zənginləşdirilməsi və ya nüvə proqramından tamamilə imtina etməsini tələb etdiyini açıqlamışdı.