BAKI, 22 dekabr. TELEQRAF

İraq hökuməti son iki həftə ərzində İsrailin İranın bu ölkədəki proksi qüvvələrinə qarşı genişmiqyaslı hücum edəcəyi ilə bağlı iki ciddi xəbərdarlıq alıb.

Teleqraf xəbər verir ki, bu barədə “Əl-Şərq əl-Əvsət” qəzeti məlumatlı mənbələrə istinadla bildirib.

Nəşr yazıb ki, xəbərdarlıqlardan biri bir ərəb ölkəsi, digəri isə Qərb kəşfiyyat xidmətlərindən biri tərəfindən göndərilib.

Vaşinqton və Tehranla münasibətləri yaxşı olan bir ərəb ölkəsi yaxın vaxtlarda İraqa xəbərdarlıq edib ki, ölkə təhlükəli hərbi hücumun astanasındadır. Mesajda hücum riskinin son dərəcə ciddi olduğu vurğulanıb və bildirilib ki, ABŞ də İsrailin hücumuna “yaşıl işıq” yandırıb.

ABŞ Bağdadın silahlı qruplara qarşı zəif mövqeyindən narazıdır və İraq rəhbərliyinin vəziyyətin ciddiliyini tam dərk etmədiyini düşünür. Məlumata görə, İranın proksi qruplarının ləğvi Donald Tramp administrasiyasının Tehranla danışıqlara yenidən başlamaq üçün irəli sürdüyü əsas şərtlərindən biridir.

Nəşr qeyd edib ki, mümkün hücumların əhatə dairəsinə bu qruplarla əlaqəli dövlət qurumları, “Həşd əş-Şaabi”, nüfuzlu maliyyə və hərbi fiqurlar, anbarlar, PUA və raket obyektləri, eləcə də təlim düşərgələri daxil ola bilər.

İraq rəsmisinin sözlərinə görə, dost ölkələrin xəbərdarlığı İrana bağlı bəzi qrupların müəyyən güzəştlərə getməsi və mövqelərini yumşaltmasına səbəb olub.

“Əl-Şərq əl-Əvsət” əlavə edib ki, son iki xəbərdarlıq İraqdakı bəzi qruplar arasında yeni mövqelərin formalaşmasına gətirib çıxarıb. Bu mövqelərdə bir tərəfdən silahların yalnız dövlətin nəzarətində olmasının vacibliyi vurğulanır, digər tərəfdən isə hərbi potensialın mərhələli şəkildə ləğvi üçün vaxt və səlahiyyət tələb olunur.

“Ynet” də bundan əvvəl yazmışdı ki, İsrailin mümkün hücumları ilə bağlı xəbərdarlıqlar fonunda İranın İraqdakı proksi qruplarının liderləri silahlarını ölkənin gələcək hökumətinə təhvil verməyə hazır olduqlarını bildiriblər.