BAKI, 18 dekabr. TELEQRAF

“Təxminən 10–15 il əvvəl hakimiyyət daxilindəki bəzi “etibarlı” vəzifəli şəxslər İsrail və ABŞ-nin İrana hücum ehtimalını sıfır hesab edirdilər. Belə bir hadisə baş verərsə, İsrailin bir neçə gün ərzində “məhv ediləcəyinə”, İranın isə on minlərlə amerikalı əsgəri öldürəcəyinə inanırdılar”.

Teleqraf xəbər verir ki, bunu İranın keçmiş prezidenti Həsən Ruhani deyib.

“Əsaslar gətirib deyirdilər ki, İsrail bizə hücum etsə, bir neçə gün ərzində darmadağın ediləcəyini və məhv olacağını bilir. Hesab edirdilər ki, ABŞ də bizə hücum etməyəcək, çünki hücum edərsə, bir neçə gün və ya bir neçə həftə sonra bölgədə müxtəlif bazalarda yerləşən 100 min amerikalının məhv olacağını və on minlərlə cəsədi daşımalı olacaqlarını bilir”, - o vurğulayıb.

Ruhani qeyd edib ki, onlar bu qərarverici yanaşmaları müəyyən “düşüncə və hesablamalar” əsasında formalaşdırır və ali rəhbərliyə təqdim ediblər. Keçmiş prezidentin fikrincə, mövcud vəziyyətə görə məsuliyyətin bu yanaşmaları formalaşdıranlar yox, qərar verənlər daşıyır.

Həsən Ruhani ali rəhbərliyə səhv hesablamalar təqdim etməyi “ən böyük xəyanət” adlandırıb və xəbərdarlıq edib ki, vəzifəli şəxslər aşağı səviyyəli məmurların sözlərini asanlıqla qəbul etməməlidirlər.

Sabiq prezident İranın hərbi gücünü şişirtməyi də “xəyanət” adlandırıb: “Bu şəxslərin dedikləri heç vaxt məni tam qane etməyib, həmişə bildirmişəm ki, hökumət özünü gücləndirməli, ölkənin təhlükəsizliyi ilə bağlı dəqiq olmayan hesablamalara arxayın olmamalıdır”.