BAKI, 17 dekabr. TELEQRAF
“Heç vaxt qoymayın kimsə sizə söyləsin ki, PUA-lar döyüş təyyarələrindən daha yaxşıdır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp 12 günlük müharibə zamanı İrandan İsrail istiqamətində buraxılan PUA-ların vurulmasından danışarkən deyib.
“PUA yaxşı şeydir, amma F-22-lər onların ətrafında dövrə vurub havada hamısını hədəfə alanda, ortada heç nə qalmır. Qoymayın kimsə sizi inandırsın ki, PUA F-22 və ya F-35-dən daha üstündür. PUA yaxşıdır, amma bizim elə döyüş təyyarələrimiz var idi ki, onlara cəhənnəmi yaşatdılar”, - o bildirib.
Tramp əlavə edib ki, pilotlar ona 22 ildən çoxdur ildə bir neçə dəfə belə bir əməliyyat üçün məşq etdiklərini, amma ondan əvvəl heç bir prezidentin buna icazə vermədiyini deyiblər.
Amerika lideri əməliyyatı “tarixin ən böyük tək hərbi hücumu” adlandıraraq, onu Cimmi Karterin prezidentliyi dövründə ABŞ-nin uğursuz əməliyyatı ilə müqayisə edərək, ikisi arasındakı fərqin Vaşinqtonun hazırkı planlaşdırma səviyyəsi və hərbi qabiliyyətini əks etdirdiyini qeyd edib:
“İranın nüvə proqramını məhv etdik. Əgər məhv etməsəydik, bir ay ərzində tamamilə fərqli bir hekayə olardı. Bu gün isə tamamilə fərqli bir şeydən danışırdıq”.