BAKI, 17 dekabr. TELEQRAF

İranla 12 günlük müharibə zamanı İsrailin ilkin hədəf siyahısı 100 nəfərdən ibarət olub, sonradan isə siyahı azaldılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Washington Post”un PBS ilə birgə hazırladığı hesabatda bildirilib.

Hesabata görə, İsrail kəşfiyyatı hərbi əməliyyat çərçivəsində İranın nüvə proqramında iştirak edən hər bir şəxs barədə onların işi, gündəlik hərəkət marşrutları və yaşayış yeri daxil olmaqla dosyelər hazırlayıblar. Bu məlumatlar onilliklər boyu aparılmış casusluq fəaliyyətinin nəticəsi olub.

Hesabat hazırkı və keçmiş İran, İsrail, ABŞ və ərəb ölkələrinin rəsmiləri ilə aparılan müsahibələr əsasında hazırlanıb.

İsrailin təhlükəsizlik rəsmiləri bildiriblər ki, mülki itkiləri minimuma endirmək üçün bütün səylər göstərilib.

Hesabata əsasən, İsrailin xarici kəşfiyyat xidməti MOSSAD İran daxilində 100-dən çox şəxsi agent kimi işə cəlb edib və onlardan bəziləri hərbi obyektlərə dəqiq zərbələr endirmək üçün xüsusi silahlarla təchiz olunub.