BAKI, 18 dekabr. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan PKK terror təşkilatının qanadı SDQ-nin Suriya ordusuna inteqrasiyası ilə bağlı danışıb.

Teleqraf xəbər verir ki, o, Suriyada vətəndaş müharibəsinin sona çatması və yeni hökumətin güclənməsi ilə regional əməkdaşlığın təmin olunduğunu bildirib.

Hakan Fidan vurğulayıb ki, son 40 ildə terrorla mübarizədə geniş təcrübə qazanılıb və Türkiyənin PKK və digər terror təşkilatları ilə apardığı işlər bölgədə İŞİD təhdidinə qarşı vacib bir infrastruktur yaradıb:

“Türkiyə ilə yanaşı, ABŞ və digər regional ölkələr də İŞİD-ə qarşı birgə hərəkət edir. Heç bir terror təşkilatına Suriya xalqı və dövlətini bərpa yolundan yayındırmağa icazə verməməliyik”.

Xarici işlər naziri əlavə edib ki, “SDQ gecikmədən razılaşmaya əməl etməlidir. Biz yenidən hərbi güc tətbiq etməyin tərəfdarı deyilik, amma artıq səbir tükənir. Ümid edirik ki, Dəməşqlə SDQ arasındakı inteqrasiya dialoq yolu ilə həll ediləcək”.