BAKI, 13 iyul. TELEQRAF
Prezident Donald Trampın administrasiyasının yaratdığı siyasi mühit Azərbaycan və Ermənistan arasında sülh sazişinin yekunlaşmasına imkan verdi.
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, 30 il davam edən işğal dövründə ABŞ administrasiyası və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq olub.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilsə də, Azərbaycanın ərazilərinin işğaldan azad olunması istiqamətində real addımlar atılmayıb.
Prezident İlham Əliyev vurğulayıb ki, Donald Trampın yanaşması fərqli idi:
"O, sülhsevər siyasətçidir və dünyanın müxtəlif bölgələrində münaqişələrin həllinə töhfə verib. Azərbaycan və Ermənistan danışıqlarının yekun mərhələsində Prezident Tramp və komandası elə bir siyasi çərçivə yaratdı ki, sülh mümkün oldu".
Dövlət başçısı qeyd edib ki, ABŞ administrasiyası Azərbaycanın maraqlarını, xüsusilə Zəngəzur dəhlizinin əhəmiyyətini düzgün anlayırdı və bu layihənin Ermənistan üçün də faydalı olduğunu izah edirdi.
Prezident əlavə edib ki, ABŞ ilə imzalanan strateji tərəfdaşlıq sənədi iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcıdır: "Bu səviyyədə əməkdaşlıq əvvəllər mümkün görünmürdü, lakin hazırda münasibətlər tarixinin ən yüksək səviyyəsinə çatıb".