BAKI, 2 noyabr. TELEQRAF
Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Furuya Tokuro iki ölkə arasında əlaqələrin inkişafı, insanlararası mübadilələrin genişləndirilməsi və rəsmi Tokionun ölkəmizdəki mövcudluğunun gücləndirilməsini əsas prioritetləri kimi müəyyənləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə diplomatın rəsmi müraciətində deyilir.
Diplomat qeyd edib ki, 2026-cı il oktyabrın 26-da Bakıda fəaliyyətə başlayıb:
"Yaponiyada Azərbaycanla əlaqəli müxtəlif sahələrin nümayəndələri ilə görüşlər zamanı ölkəmizin mənzərələri, mətbəxi və insanları haqqında xoş fikirlər eşidib". Bakıya gəldikdən sonra isə bu rəylərin həqiqətə uyğun olduğuna şəxsən əmin olub.
Furuya Tokuro vurğulayıb ki, səfir kimi əsas vəzifələrindən biri Azərbaycanda yaşayan, eləcə də turist və işgüzar səfərlərlə buraya gələn Yaponiya vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. O, bu məsələnin səfirlik üçün ən yüksək prioritet olduğunu qeyd edib.
Diplomat iki ölkənin siyasi liderləri, biznes dairələri, tələbələri, akademikləri və turistləri arasında qarşılıqlı səfərlərin artırılmasının vacibliyini qeyd edib:
"Belə təmaslar xalqların bir-birini daha yaxından tanımasına, təcrübə mübadiləsinə və ikitərəfli əlaqələrin möhkəmlənməsinə şərait yaradacaq".
Səfir Azərbaycanın enerji, logistika və rəqəmsal texnologiyalar sahələrində mühüm qovşaq kimi rolunun artdığına diqqət çəkib.
O, ölkəmizdəki dəyişiklikləri daha dərindən öyrənmək və Yaponiyanın buradakı mövqeyini gücləndirmək niyyətində olduğunu bildirib.
Furuya Tokuro Yaponiya şirkətlərinin fəaliyyətinə fəal dəstək göstərəcəyini, həmçinin ölkəsinin mədəniyyəti və digər cəlbedici xüsusiyyətləri barədə məlumatların yayılmasını genişləndirəcəyini söyləyib. O, Yaponiyanın təkcə paytaxtda deyil, Azərbaycanın bütün bölgələrində daha yaxından tanınmasını arzuladığını vurğulayıb.
Diplomat iki dövlət arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün ardıcıl çalışacağını bildirərək bu istiqamətdə hər iki tərəfin dəstəyinə və əməkdaşlığına ümid etdiyini ifadə edib.