BAKI, 1 noyabr. TELEQRAF
Avropada yaşanan böhranın kökündə həm demoqrafik krizis dayanır, əhalinin sayının azalması və miqrantların sayının çoxalması müşahidə olunur. Digər tərəfdən iqtisadi krizis durur. Bunun da səbəbi enerji məhsullarının qiymətlərinin artmasıdır. Bu da Ukrayna-Rusiya müharibəsi ilə bağlıdır. Müəyyən mənada təhlükəsizlik böhranı hökm sürür. Avropa artıq Amerikanın dəstəyini hiss eləmir və narahatdır.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə Fransa və Almaniyada məktəblilər, tələbələr, həmkarlar ittifaqları və "sarı jiletlilər" hərəkatının kütləvi etiraz aksiyalarını şərh edərkən deyib.
"Bu fonda təbii ki, təhlükəsizlik və müdafiə xərcləri artır, sosial xərclər azalır. Qlobal ticarətdə Avropanın rəqabətliliyi Çin malları ilə müqayisədə zəifləyib. Bütün bunlar nəticədə krizis yaradıb. Fransa və Almaniyada etiraz aksiyaları keçirilir, gənclər narazılığını ifadə edir. Avropanın çətin dövrüdür və yeni bir yol axtarışındadırlar", - deyə qeyd edib.