BAKI, 22 yanvar. TELEQRAF
Yanvarın 22-də Ukrayna Birlik Gününü qeyd edir. Bu tarix Ukrayna torpaqlarının tarixi birliyinin, dövlətçiliyin möhkəmləndirilməsinin, suverenlik və ərazi bütövlüyünün rəmzi hesab olunur.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ukraynanın Birlik Günü münasibətilə qələmə aldığı müəllif yazısında qeyd edib.
Diplomat xatırladıb ki, 1919-cu ildə Ukrayna Xalq Respublikası ilə Qərbi Ukrayna Xalq Respublikası arasında imzalanmış Birləşmə Aktı Ukrayna dövlətçiliyinin tarixində mühüm mərhələ olub və xalqın birlik, azadlıq və müstəqillik iradəsini təsdiqləyib:
"Rusiyanın Ukraynaya qarşı davam edən silahlı təcavüzü fonunda Birlik Günü xüsusi əhəmiyyət kəsb edir və bu gün beynəlxalq ictimaiyyətə beynəlxalq hüququn fundamental prinsiplərinin, ölkələrin suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyini xatırladır".
Y. Qusev Ukraynada Azərbaycanla strateji tərəfdaşlığın yüksək qiymətləndirildiyini vurğulayıb:
"Azərbaycan ardıcıl şəkildə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, həmçinin humanitar yardım göstərir. Bu həftə Prezident İlham Əliyevin tapşırığı ilə Ukraynaya növbəti humanitar yardım partiyası göndərilib. Yardıma generatorlar, transformatorlar, elektrik kabelləri və aşağı gərginlikli panellər daxil edilib".
Səfir Azərbaycan rəhbərliyinə və xalqına göstərilən dəstəyə, o cümlədən zərərçəkmiş regionlardan olan ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarına, İrpin şəhərində sosial obyektlərin bərpasına, dərman, ərzaq, yanacaq və enerji infrastrukturu üçün avadanlıqların tədarükünə görə təşəkkür edib.
O qeyd edib ki, Ukrayna da hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir. Səfir xatırladıb ki, Birinci Qarabağ müharibəsi zamanı Şuşa yaxınlığında həlak olmuş ukraynalı helikopter pilotu Viktor Seryogin Bakıda Şəhidlər xiyabanında dəfn olunub və ölümündən sonra Azərbaycan Respublikasının Qəhrəmanı adına layiq görülüb.
Yuri Qusev vurğulayıb ki, energetika sahəsində əməkdaşlıq ikitərəfli gündəlikdə xüsusi yer tutur:
"2025-ci ildə "Naftoqaz Ukrayna" ilə SOCAR arasında Azərbaycan təbii qazının Ukraynaya pilot tədarükünə dair müqavilənin imzalanması enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm addım olub. Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq Qara dəniz-Xəzər regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsində mühüm rol oynayır və bu əməkdaşlıq gələcəkdə də genişləndiriləcək".