BAKI, 23 dekabr. TELEQRAF

"Bu, mənim Azərbaycana üçüncü səfərimdir. İlk səfərim cənab Prezident Pezeşkianın Bakıya rəsmi səfəri çərçivəsində baş tutub. İkinci səfərim isə onunla birlikdə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşündə iştirak məqsədi daşıyıb".

Bu sözləri Teleqraf-a eksklüziv açıqlamasında İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian deyib.

O, Azərbaycana əvvəlki səfərləri ilə bağlı çox xoş xatirələrinin olduğunu bildirib:

"Bizi hər zaman çox səmimi və yüksək səviyyədə qarşılayıblar. Mən iki Prezident (İlham Əliyev və Məsud Pezeşkian-red.) arasında olduqca mehriban və dostluq münasibətlərinin şahidi oldum. Danışıqlar son dərəcə konstruktiv keçdi və mühüm razılaşmalar əldə olundu. Bu səfərlərdən sonra iki ölkə arasında münasibətlərdə müsbət dinamika formalaşıb. İran və Azərbaycan arasında bir çox oxşarlıqlar mövcuddur. Davranış və münasibətdə, qonaqpərvərlikdə, səmimi qarşılanmada, ortaq baxışda, həyat tərzində və digər sahələrdə xalqlarımız arasında çoxlu ortaq cəhətlər var".

Z.Pezeşkian iki ölkə arasında humanitar layihələrin icrasının mümkünlüyünə də toxunub:

"Xalqlar arasında münasibətlərin inkişafı sahəsində geniş əməkdaşlıq imkanları mövcuddur. Xüsusilə elmi və akademik əməkdaşlıq, qadınların cəmiyyətdəki rolunun artırılması, ailə institutunun möhkəmləndirilməsi və ortaq insani dəyərlərin təşviqi, qadın və uşaq məsələləri üzrə beynəlxalq platformalarda əməkdaşlıq, eləcə də gənclər və idman sahəsində birgə layihələr perspektivli istiqamətlərdir.

Ümumilikdə, iki ölkə arasında həm ikitərəfli səviyyədə, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üçün çox geniş imkanlar mövcuddur".