BAKI, 4 noyabr. TELEQRAF
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf Azərbaycan ilə Əlcəzair arasında Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş imzalayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki, bu saziş iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ hesab olunur.
"Razılaşma tərəflər arasında ticarət, investisiya, elm və texnologiya kimi əsas istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi üçün institusional və sistemli mexanizm yaradır. Birgə Komissiya yeni əməkdaşlıq sahələrinin müəyyən edilməsi, təşəbbüslərin əlaqələndirilməsi, eləcə də təcrübə və ən yaxşı praktikalara dair mübadilənin təşkili üçün platforma rolunu oynayacaq",- paylaşımda qeyd edilib.