BAKI, 7 oktyabr. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Yermek Koşerbayevlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Görüşdə Ceyhun Bayramov həmkarını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Tərəflər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər.

Nazirlər siyasi, iqtisadi, ticarət, nəqliyyat, kommunikasiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını, eləcə də regional vəziyyəti müzakirə ediblər.

Görüş zamanı Azərbaycan və Qazaxıstanın Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığının daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.