BAKI, 14 iyun. TELEQRAF
"Azərbaycan Prezidenti İlham Əliyevə göstərdiyi köməyə görə dərin təşəkkürümüzü bildiririk. Onun dəstəyi sayəsində Tehrandan Azərbaycana təhlükəsiz şəkildə gələ bildik".
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bunu iyunun 14-də İrandan Azərbaycana təxliyə olunan Rusiyanın Xalq artisti, rejissor Fyodor Bondarçuk jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ümumilikdə Rusiya vətəndaşı olan 90 nəfər Azərbaycana təxliyə edilib: "Onlardan bəziləri bu gün Bakıda qalacaq, digərləri isə Moskvaya yola salınacaq. Hazırda çox yorğun olmağımıza baxmayaraq, hər şey yaxşıdır. Hər kəsə göstərilən dəstəyə görə, minnətdarlığımızı bildiririk".
Xatırladaq ki, İranda yaranmış böhrana görə bir neçə ölkənin nümayəndələrinin və vətəndaşlarının, o cümlədən Rusiyanın P. Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyətinin, Rusiyanın Xalq artisti və rejissor Fyodor Bondarçukun da daxil olduğu 90 nəfərə yaxın aktyor və incəsənət nümayəndəsi quru yolla İrandan Azərbaycana gətirilib.