BAKI, 14 may. TELEQRAF
"Qərbin bəzi proqramlarından məsələn, "Erasmus" proqramından çıxmışıq. Bu nə dərəcədə məqsədəuyğundur?"
Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda keçirdiyi dinləmədə deyib.
O bildirib ki, xüsusilə təhsil sahəsində Qərblə əməkdaşlığı gücləndirməliyik:
"Biz Qərblə əlaqələri inkişaf etdirməliyik. Düşünmürəm ki, hazırda Azərbaycan anti-Qərb siyasəti aparır. Qərbin bəzi proqramlarından məsələn, "Erasmus" proqramından çıxmışıq. Bu nə dərəcədə məqsədəuyğundur? Təhsil sahəsində Qərblə əməkdaşlığımızı davam etdirməliyik. Bundan başqa, fransız dilini daha yaxşı öyrənməliyik. Ola bilər ki, yenidən oturub düşünməliyik. Siyasi cəhətdən hər hansı ölkə ilə münasibətimiz pozula bilər, ancaq burada da uzaqgörənlik etməliyik".
F.Şəfiyev həmçinin Ermənistanın "Sülh kəsişməsi" layihəsinə də münasibət bildirib:
"Ermənistanda da etiraf edirlər ki, “Sülh kəsişməsi” layihəsinin gələcəyi yoxdur. Bu layihənin yalnız bir şərtlə uğurlu gələcəyi var: Bu da Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması ilə mümkündür. Ona görə də biz təzyiq siyasətimizi davam etdirməliyik. Lakin İran və Hindistan istəyir ki, bəzi layihələri Ermənistan ərazisindən keçirsinlər. Hətta Rusiya ilə bağlı da belə bir fikirlər var. Təbii ki, bu barədə düşünməliyik”.