BAKI, 11 aprel. TELEQRAF

Azərbaycan-Ermənistan münaqişəsi tarixə qovuşur, sülh sazişinin imzalanması üçün danışıqlar davam edir. Bununla belə regionda Avropa İttifaqının müşahidə missiyası kimi sülhə maneə yaradan, siyasi situasiyanı gərginləşdirən tendensiyalar da mövcuddur.

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov “Teleqraf” İnformasiya Agentliyinə müsahibəsində Bakı-Moskva münasibətləri, Azərbaycan-Ermənistan şərti sərhədində baş verənlər, Avropa İttifaqının Ermənistanda yerləşən müşahidə missiyası və sülh sazişi üzrə danışıqlara toxunub. Diplomatın müsahibəsini təqdim edirik.

- Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan və Rusiya arasındakı münasibətlər hazırda olduqca yüksək səviyyədədir. Bu münasibətlərin stabil və qarşılıqlı hörmətə əsaslandığını sübut edən bir çox nümunə var. Məsələn, aprelin 9-da Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Bu cür yüksək səviyyəli təmaslar ölkələrimiz arasında siyasi dialoqun davam etdiyini göstərir.

Bundan əlavə, Türkiyənin Antalya şəhərində keçiriləcək diplomatik forum çərçivəsində - aprelin 12-də Sergey Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü planlaşdırılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan və Rusiya arasında münasibətlər güclü təməl üzərində qurulub və bu əlaqələr gələcəkdə də inkişaf edəcək.

- Son vaxtlar Azərbaycan-Ermənistan şərti sərhədində baş verən insidentlər Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına necə təsir edə bilər?

- Hər bir insident tərəflər arasında inamın azalmasına və sülh danışıqlarının gedişinə mənfi təsir göstərə bilər. Ona görə də bu cür insidentlərin qarşısının alınması vacibdir.

Mənə ən çox maraqlı gələn məsələlərdən biri isə Ermənistan ərazisində yerləşən Avropa İttifaqının müşahidə missiyasıdır. Əgər bu missiya doğrudan da sülhü və sabitliyi dəstəkləyirsə, sərhəddə baş verən gərginliklərə münasibət bildirməli və obyektiv mövqe nümayiş etdirməlidir. Təəssüf ki, biz bu missiyadan indiyədək ədalətli və qərəzsiz yanaşma görmürük.

Ümid edirəm ki, Ermənistan rəhbərliyi məsələnin regionun sabitliyi və gələcəyi üçün nə qədər vacib olduğunu anlayacaq. Sülh sazişi təkcə iki ölkə üçün deyil, bütün Cənubi Qafqaz üçün yeni bir mərhələnin başlanğıcı ola bilər. Rusiya da bu prosesdə vasitəçi və konstruktiv tərəfdaş olaraq sülhə öz töhfəsini verməyə hər zaman hazırdır.