​BAKI, 10 aprel. TELEQRAF

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Teleqraf müsahibəni təqdim edir:

- Qüdrət bəy, ADA-da siyasi ekspertlərlə görüş zamanı Prezident İlham Əliyev maraqlı açıqlamalar verdi, xüsusilə Ukrayna ilə bağlı. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Bu formatda tədbirlərin keçirilməsi və Azərbaycan Respublikası Prezidentinin regional və beynəlxalq məsələlərə dair ölkəmizin mövqeyini bildirməsi çox əhəmiyyətlidir. Ukrayna ilə əlaqədar Prezident haqlı olaraq söylədi ki, bu problemin sülh yolu ilə ədalətli həlli yoxdur. Ya Ukrayna kapitulyasiya aktına imza atıb Rusiyanın şərtlərini qəbul etməli, ya da Rusiyanı öz ərazisindən güc tətbiq etməklə çıxarmalıdır. Buna nümunə kimi Prezident Xorvatiyanı və ölkəmizi misal çəkdi. Amma Ukraynanın bunu etməsi çox çətindir. Çünki Rusiya nüvə dövlətidir və Ukrayna ilə müqayisədə çox güclüdür. Rusiyanı yalnız ABŞ digər NATO-ya üzv olan dövlətlərlə birlikdə müharibəyə girməklə dayandıra bilər. Bu isə qeyri- realdır. Ona görə müharibə hələ bir müddət davam edəcək. Tramp açıq formada olmasa da, Putinin qələbəsi üçün mümkün olan hər şeyi edəcək. Amma bunu elə formada edəcək ki, ona impiçment elan olunmasın. Ən azı bunu ona görə edəcək ki, Putin onun sağ qalması üçün dua edib. ABŞ-də Tramp və Baydendən fərqli, Rusiyadan qorxmayan, hərdəmxəyal və impulsiv olmayan, müstəqil, gücə və pula təzim etməyən, güclü siyasi iradəyə malik, təmkinli və müdrik bir şəxs prezident seçilsə nəsə dəyişə bilər.

- ABŞ Azərbaycana münasibətini dəyişə bilərmi?

- Bir dəfə müsahibələrimin birində demişdim ki, bunun üçün Trampa Putinin xeyir-duası lazımdır. Trampın ətrafında erməni diasporasına bağlı çoxlu adamlar var. Hər şey ABŞ-Rusiya danışıqlarının nəticəsindən asılı olacaq.

- Prezident söylədi ki, sülh sazişi imzalanmayıbsa, deməli Ermənistanla müharibə təhlükəsi qalır. Bu ehtimal nə qədər böyükdür?

- Biz sülh istəyirik, daha ədalətli olar ki, sazişi onu müharibədə qalib gəlmiş İlham Əliyev imzalasın. Amma Ermənistanı Vətən müharibəsinə qədər onun üçün daha əlverişli şərtlərlə sülh sazişi imzalamağa qoymayıblarsa, indi heç vaxt qoymazlar. Çünki bu onun iradəsindən yox, böyük güclərdən asılıdır. Ona görə sülh üçün biz, danışıqları böyük dövlətlərlə aparıb onları buna razı salmalıyıq. Müttəfiqləri Ermənistanı silahlandırır, erməni ordusuna təlim keçir və Ukraynada müharibənin sonunu gözləyirlər. Çünki müharibə vəziyyəti qaldıqca tərəflərə silah satmaq və təsir etmək imkanları da qalır. Biz yalnız Ermənistana qarşı yox, dünya erməniliyinə və xristian həmrəyliyindən çıxış edən böyük güclərə qarşı dayanmışıq.