BAKI, 13 aprel. TELEQRAF

"Tehranın nüvə silahına ehtiyacı yoxdur, lakin təzyiq və təhdidlər istənilən ölkəni özünümüdafiə haqqında düşünməyə sövq edə bilər".

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Vahid Əhmədi deyib.

“İslam Respublikasının rəsmi mövqeyi Ali Rəhbərin səsləndirdiyi mövqedir. Biz nüvə silahı yaratmağa çalışmırıq. Bununla belə, başqalarının davranışı və təzyiqi müxtəlif şərait yarada bilər”, - Vahid Əhmədi bildirib.

Əhmədi əlavə edib ki, İran hazırda lazımı gücə malikdir və özünü qorumaq üçün nüvə silahı hazırlamağa ehtiyac yoxdur. Deputat xatırladıb ki, Tehran nüvə silahı yaratmaq niyyətində deyil, çünki bu, ölkənin ali dini lideri Ayətullah Əli Xamneyinin dini göstərişi olan fətva ilə qadağandır.

Parlamentari qeyd edib ki, mövcudluğu və ictimai maraqları təhlükə altında olan hər bir ölkənin beynəlxalq hüquq normalarına uyğun olaraq özünü istənilən yolla müdafiə etmək hüququ var.