BAKI, 11 mart. TELEQRAF

"Azərbaycan - Böyük Britaniya münasibətləri dinamik səviyyədə inkişaf edir. Fundamental məsələlərdə mövqeylərimiz üst-üstə düşür. Xüsusilə, Böyük Britaniya və BP Azərbaycanın əsas neft tərəfdaşlarından biridir və operator kimi çıxış edir".

Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Böyük Britaniyaya səfərini şərh edərkən deyib.

Deputat vurğulayıb ki, görüş Azərbaycan - Ermənistan münasibətləri konteksti baxımından da önəmlidir:

"Azərbaycan-Ermənistan arasında bir neçə məsələdə problemlər var. Ölkələrin bir-birilərinə qarşı beynəlxalq məhkəmə iddiaları, həmçinin üçüncü dövlətlər tərəfindən sərhədlərimizdə "missiya" adı altında xüsusi qrupun yerləşdirilməsi, Azərbaycana qarşı ərazi iddiaları, ATƏT-in Minsk Qrupunun buraxılması əsas problemlərdir. Düzdür, Paşinyan bu yöndə gözləmə mövqeyində olsa da, real addımlar atmır. Artıq rəsmi Bakı sülh layihəsi ilə bağlı 12-ci düzəlişi qarşı tərəfə təqdim edib. Ancaq Ermənistan sülhdən yayınır, silahlanmaya üstünlük verir. Bu məsələlərin Böyük Britaniya tərəfinə çatdırılması vacibdir. Dünyada yeni geosiyasi vəziyyət formalaşmaqdadır. Artıq başlanğıc mərhələsindəyik. Həmçinin onlar yeni yaranacaq dünya nizamında önəmli aktor kimi çıxış edirlər. Böyük Britaniya isə ABŞ-nin ən yaxın müttəfiqlərindəndir".

Deputat qeyd edib ki, hazırda Prezident İlham Əliyevin müəyyən etdiyi taktikaya əsasən, beynəlxalq aləmda kreativ və innovativ addımlar atılır.

"Qeyd etdiyim kimi, yeni dünya nizamında Cənubi Qafqazın xüsusi önəmi var. Azərbaycan regionun aparıcı dövlətidir. Bölgə barədə Bakısız qərar verilə bilməz. Azərbaycan beynəlxalq və qlobal təhlükəsizliyə önəm verməklə yanaşı, Avropanın enerji təhlükəsizliyində əsas yerlərdən birini tutur. Ötən il 25 milyard kubmetr qaz ixrac etmişik ki, onu da idxal edənlərdən 10-u Avropa dövlətidir", - deyə deputat əlavə edib.