
BAKI, 11 mart.TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin saytı məlumat yayıb.
Prezident Kasım Jomart-Tokayev nazir Bayramov ilə görüşün çoxşaxəli dövlətlərarası əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətini qeyd edib.
O, Azərbaycanın etibarlı strateji tərəfdaş və müttəfiq olduğunu diqqətə çatdırıb.
XİN rəhbəri Ceyhun Bayramov öz növbəsində səmimi qəbula görə minnətdarlığını bildirib və ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb.
Nazir "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı göstərdiyi operativ köməyə görə Qazaxıstan tərəfinə Prezident İlham Əliyev və Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib.
Görüş zamanı iri strateji layihələrin həyata keçirilməsi, o cümlədən Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin və dərin dəniz elektrik kabelinin çəkilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Ticarət, investisiya, rəqəmsallaşma, tranzit və nəqliyyat sahələrində gələcək əməkdaşlığın perspektivləri də müzakirə mövzuları arasında yer alıb.