
TBİLİSİ, 11 mart. TELEQRAF
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında tarixən möhkəm dostluq münasibətləri, Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətləri müzakirə olunub.
Tərəflər ölkələr arasında müxtəlif beynəlxalq və regional formatlarda uğurlu əməkdaşlığın vacibliyini vurğulayıblar.
Söhbət zamanı Cənubi Qafqaz bölgəsində cərəyan edən hadisələrə də toxunulub. M.Kavelaşvili bildirib ki, Gürcüstan regionda sülh və sabitliyi dəstəkləyir və bu prosesə bundan sonra da töhfə verməyə hazırdır.
Görüşdə Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq məsələlərinin də müzakirəsi aparılıb.
Gürcüstan prezidenti Azərbaycan tərəfinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkürünü bildirib.