
BAKI, 11 mart. TELEQRAF
Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov ilə Qazaxıstan Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıqdan irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiya və humanitar sahələr üzrə inkişafı barədə fikir mübadiləsi aparıblar.
Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Türk Dövlətləri Təşkilatı (TDT) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də gündəlikdə olub.