BAKI, 11 mart. TELEQRAF

Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın martın 11-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Teleqraf xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Şimali Makedoniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Şimali Makedoniya Prezidentinə raport verib.

Şimali Makedoniya və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın qarşısından keçiblər.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.