BAKI, 21 oktyabr. TELEQRAF

“Bakıdan çox xoş təəssüratlarla ayrılırıq. Belə uzaq yoldan sonra bura gəlmək və qalib gəlmək xoşdur. Təkcə biz deyil, azarkeşlərimiz də səfərə çıxmışdılar. Onların dəstəyi bizim üçün çox vacib idi. Xüsusilə də Norveçdəki uğursuzluqdan sonra bu dəstəyə ehtiyacımız var idi”.

Teleqraf xəbər verir ki, bunu “Borussiya”nın (Dortmund) idman direktoru Nils-Ole Buk UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Klub rəsmisi komandasının meydandakı performansını dəyərləndirib:

“Hücumda son zərbələri daha dəqiq vura bilsəydik, işimiz daha rahat olardı. Amma hər halda, komandamız bu gün irəliyə doğru ciddi addım atdı. Meydanda daha cəsarətli idik, təşəbbüsü əlimizdə saxlayırdıq. Cəsarət təkcə hücum etmək və qol vurmaq demək deyil. Meydanın özünə aid hissəsində topla rahat davranmalı, rəqibi üzərinə çəkib arxada boşluqlar tapmalısan. "Sabah"la matçda bunu çox yaxşı bacardıq və xeyli qol epizodu yaratdıq. Seru Qirassi hücumda çox yaxşı təsir bağışladı, digər futbolçularımız isə son zərbələr üzərində bir az da işləməlidirlər”.

Nils-Ole Buk komandanın nəticələri ilə bağlı yaranan böhran iddialarına da münasibət bildirib:

“Açığı, komanda daxilində "böhran" sözünü heç vaxt işlətməmişik. Mətbuatda bu sözün bu qədər qabardılması bizi təəccübləndirmişdi. Amma ardıcıl üç oyunda qələbə qazana bilmədikdən sonra Bakıda 3 xal almaq çox vacib idi. Komanda oyunun əhəmiyyətini yaxşı dərk edirdi. Baş məşqçimiz də tapşırıqları aydın izah etmişdi və biz meydandan istədiyimiz nəticə ilə ayrıldıq”.

Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı Almaniya kollektivinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.