BAKI, 21 oktyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyanın Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə son görüşündən sonra İrəvan yeni Konstitusiya istiqamətində işləri intensivləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Ermənistan nəşrinin yazdığına görə, Azərbaycan iyunda Ermənistanda keçirilən parlament seçkilərindən sonra prosesin ləng getməsindən narazıdır:

“Paşinyan yeni Konstitusiya məsələsində belə bir yol xəritəsi üzrə irəliləmək qərarına gəlib: ilk növbədə, cəmiyyətin müxalif hissəsini bu dəyişikliyin ölkənin rifahı və inkişafı üçün zəruri olduğuna inandırmaq, bunu sübut etmək lazımdır. Hətta müxalifət mediası vasitəsilə reklam kampaniyası aparılması məsələsi də müzakirə olunur. İkinci mərhələdə parlament müxalifətinə müraciət edərək, referendumun keçirilməsini dəstəkləməyə çağırmaq nəzərdə tutulur.

Rədd cavabı veriləcəyi təqdirdə, müxalifətdən olan ayrı-ayrı deputatları hakim “Vətəndaş Müqaviləsi” Partiyasının təşəbbüsünü dəstəkləməyin zəruri olduğuna inandırmağa çalışacaqlar. Paşinyan deputatlara təzyiq göstərilməsini, hətta onları müxalifət düşərgəsindən “oğurlamağı” da istisna etməyib. Bütün bunlardan sonra da uğursuzluğa düçar olsalar, son variant kimi növbədənkənar seçkilərə getmək, parlamentdə zəruri konstitusiya çoxluğunu əldə etmək və yeni Konstitusiyanı qəbul etdirmək planlaşdırılır.

Məlumatımıza görə, hələlik konkret müddətlər müəyyən edilməsə də, Paşinyan hamını işləri sürətləndirməyə çağırıb”.