
BAKI, 26 fevral. TELEQRAF
Bütün layihələndirmə işləri tamamlanmaq üzrədir, bir çox layihələrin icra prosesinə start verilib, qalanları ilə bağlı işə isə bu ilin ikinci yarısında başlanacaq.
Teleqraf xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, plana görə, 2026-cı ilin sonuna qədər Dövlət Proqramında nəzərdə tutulmuş bütün layihələr tam icra olunacaq: "Xatırladım ki, bu yaxınlarda cənab Prezident İlham Əliyev Ağdam şəhərinə səfəri zamanı görülən işlərlə tanış oldu. Bu səfərdə həm birinci yaşayış kompleksində, həm ikinci yaşayış kompleksində, həm də Ağdam Muğam Mərkəzində görülən işlər geniş ictimaiyyətə də təqdim edildi. Eyni zamanda məktəb, körpələr evi və digər obyektlərlə tanışlıq həyata keçirildi.
Məlumat üçün qeyd edim ki, bu il ərzində Ağdam rayonuna, yəni Ağdamın özünə və ətrafda olan üç kəndə 10 minə yaxın əhali köçürülməsi nəzərdə tutulur. Ümumilikdə, gələn il beş məhəllədən dördünə start verilməklə bu işi yekunlaşdıracağıq və Ağdam şəhərinə 20 mindən çox sakin köçürülməsini təmin etməyi nəzərdə tuturuq.
2026-cı ilin sonuna qədər Füzuli şəhərində də proseslər davam edəcək. Bilirsiniz ki, Füzuli şəhərində birinci yaşayış kompleksi artıq inşa olunub. Bu gün işğaldan azad olunmuş ərazilərdə ən çox əhali 3132 nəfər olmaqla Füzuli şəhərində məskunlaşıb. Hazırda əksəriyyəti işlə təmin olunub.
Məlumat üçün bildirim ki, Füzuli şəhərində yaşayan əhali arasında işsizlik səviyyəsi 9 faizin altındadır və bu da onu göstərir ki, həyat Füzuliyə qayıdıb. Buna paralel olaraq deməliyəm ki, ikinci və üçüncü yaşayış məhəllələrində layihələndirilmə tam sürətlə icra olunmaqdadır və şəhərdə həyata keçiriləcək Mərkəzi Park, İşğal və Zəfər muzeyləri, peşə məktəbinin, uşaq bağçasının inşası - bu kimi layihələr də tam sürətlə həyata keçirilməkdədir.
O ki qaldı Füzuli rayonunun kəndlərinə, artıq Dövlətyarlı kəndinin layihəsi icra olunmağa başlayıb. Tikinti prosesinə başlamışıq. Bu yaxınlarda Pirəhmədli kəndinin tikintisinə başlanılacaq və ümid edirik ki, il ərzində Qaraxanbəyli kəndinin layihəsi də hazırlanaraq.
Beləliklə, 2026-cı ilin sonuna qədər Ağdam və Füzuli rayonlarında nəzərdə tutulmuş tədbirlər öz axarı ilə icra olunacaq. Xocavənd haqqında da bir neçə kəlmə deyim. Orada da Hadrut qəsəbəsi və Tuğ kəndinin layihələndirməsi yekunlaşıb, torpaq işləri başa çatdırılıb, hazırda orda yol- kommunikasiyaları şəbəkəsinin çəkilməsi ilə əlaqədar müvafiq tədbirləri icra edirik".