BAKI, 25 fevral. TELEQRAF

Sabah paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Qeyd edilib ki, Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı təşkil ediləcək anım mərasiminə görə Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq.

Məhdudiyyətlə əlaqədar 4, 10, 21, 30, 32, 46, 49 və 120 nömrəli müntəzəm avtobusların hərəkəti alternativ küçələrdən təşkil ediləcək.