​BAKI, 26 fevral. TELEQRAF

Sabunçu rayonu ərazisində fevralın 22-23-də ümumilikdə 15 nəfər spirtdən zəhərlənərək ölüb. Onların etil spirtindən zəhərləndiyi ehtimal olunur.

Bəs belə zəhərlənmə necə baş verir, onun tibbi izahı necədir?

Bununla bağlı Teleqraf-ın suallarına tibb üzrə elmlər doktoru Adil Qeybulla cavab verib.

Onun sözlərinə görə, əslində ölümə zəhərlənmə deyil, qaraciyərin zədələnməsi səbəb olub. Həkim vurğulayıb ki, tibbdə istifadə olunan və apteklərdə satılan spirt içildikdə insan üçün çox təhlükəli ola bilər: "Apteklərdə əsasən etil spirti (etanol) və ya izopropil spirti satılır. Bunlar içmək üçün deyil və çox təhlükəlidir. Xüsusilə də izopropil spirti və ya tərkibində zərərli əlavələr olan etil spirti içildikdə ölümə səbəb ola bilər. Əgər kimsə təsadüfən içibsə, dərhal tibbi yardım almaq vacibdir".

Aptek spirti içən insanın həyatını xilas etmək üçün görülməsi zəruri olan tədbirlər gəlincə, A.Qeybulla deyib ki, dərhal təcili yardım çağırmaq, vaxt itirmədən həkimə müraciət etmək lazımdır: "Suyu çox içirmək bədənin spirti tez atmasına kömək edə bilər, amma tam qoruma təmin etmir. Süni qusdurma isə daha ciddi problemlərə səbəb ola bilər".

Ümumiyyətlə, tərkibində spirt olan içkilərdən zəhərlənmə ehtimalı barədə danışan, tibb elmləri doktoru diqqətə çatdırıb ki, istənilən halda alkoqol orqanizmə toksiki təsir göstərir: "Alkoqol qəbulu bədənə, bütün orqanizmlərə xeyli ziyan vurur. Alkoqolun mikrob öldürücü təsiri çox azdır. Digər tərəfdən, onun tibbi spirt qədər təsiri olduğunu düşünənlər də yanılır. Alkoqolla qəbul edilən spirt qaraciyərdə parçalanır ki, bu da qaraciyərə çox mənfi təsir edir. Hətta virus infeksiyalara qarşı əllərin spirtlənməsinin özü effektiv vasitə sayılmır.

Viruslara təsir edən maddələr başqadır. Spirtin əsas təsiri qaraciyərdə baş verir. Alkoqol təmiz rafinə olunmuş spirtdən hazırlandıqda onun yan təsirləri nisbətən az olur. Çox içildikdə, rafinə olunmadıqda əks təsiri olur. Onun tərkibində olan toksiki maddələr, sivuş yağlar orqanizmə neqativ təsir edir. Rafinə olunmamış spirt qaraciyəri zədələyir, kəskin qaraciyər çatışmazlığına səbəb olur. Əslində bu ölümlər kəskin qaraciyər çatışmazlığından qaynaqlanan ölümlərdir”.

Professor ümumilikdə içkidən zəhərlənmə hallarına da toxunub:

“Belə hallar spirtli içkilərin düzgün texniki standartlara uyğun hazırlanmaması ilə əlaqəli olur. Spirtli içkilərin müəyyən dozası var. Dozanı keçdikdə yuxu effekti yaradır. Satışda olan içkilərin əksəriyyəti texniki standartlara cavab vermir. Onlar müxtəlif yerlərdə hazırlanmış içkilərdir. Bu da orqanizmdə ciddi dəyişikliklər yaradır. Orqanizm dozanı qəbul etmədikdə onu orqanizmdən kənar etməyə çalışır. Əlamətləri halsızlıq, qusma ilə özünü göstərir. Bu, alkoqol zəhərlənməsi kimi dəyərləndirilə bilər”.