
Bərdə şəhərində 2000-ci il təvəllüdlü Kamran evində tək olan Günaya (adlar şərti verilib – red.) təcavüz etməyə cəhd edib, daha sonra quldurluq cinayəti törədib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Kamran 27 fevral 2023-cü ildə səhər saat 7 radələrində Bərdə şəhərində yerləşən “Seyidin xaşxanası” adlanan kafedə yemək yeyib, spirtli içki qəbul edərək kafedən çıxıb.
Piyada gedərkən fərdi yaşayış evindən avtomobillə ev sahibinin və övladının çıxdığını, qapının içəridən evin xanımı Günayın çəkərək bağladığını görüb. O, qadının tək olduğunu təxmin edib və evə girmək qərarına gəlib.
Hasardan tullanaraq birmərtəbəli evə girib, mətbəx otağında əvvəlcədən tanımadığı 1984-cü il təvəllüdlü Günayı vintaçanla (buraç) hədələyib, cinsi əlaqədə olmaq məqsədi ilə onu sürüyərək yataq otağına aparıb.
İstintaqın müəyyən etdiyinə görə, Kamran Günaya cinsi əlaqədə olmaq istəyini bildirib, ona zor tətbiq edib, sağlamlığa zərər vurmayan sağ mil-bilək oynağı, sağ said nahiyələrinin sıyrığı, sağ baldır nahiyəsinin qançırı və sıyrığı xəsarətləri yetirib. Yataq otağında onunla zorla cinsi əlaqədə olmaq istəyib.
Zorlama, yoxsa quldurluq?
Günay müqavimət göstərdikdə Kamran hiddətlənərək onu dərhal öldürəcəyi ilə hədələyib, zorla cinsi əlaqədə olmaq üçün hərəkətlər edib. Qadın təpiklə ona zərbə vurub və uşaq otağına doğru qaçıb. Kamran uşaq otağında onu çarpayıya uzadıb, əynində olan şalvarı çıxarmağa çalışıb.
Günayın aktiv müqavimət göstərməsi və qışqıraraq köməyə adam çağırmasını görən Kamran öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyib.
Kamran Günayın onu zorlamaması müqabilində təklif etdiyi pulları - yataq otağında mebelin qarşısındakı qutunun içərisindən 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq əskinası, ümumilikdə 90 manatı götürüb.
İstintaq orqanı tərəfindən Kamranın barəsində Cinayət Məcəlləsinin 29, 149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlamağa cəhd), 181.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.
“Dedi ki, mənə toxunma”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamran elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Bərdə rayonunun kəndində ailə üzvləri ilə birlikdə yaşayıb, “Mercedes Atego” markalı avtomobillə yük daşımaqla məşğul olub:
“Zərərçəkmiş Günayı əvvəllər tanımamışam, aramızda ədavət və ya düşmənçilik olmayıb. 2023-cü il fevralın 27-də səhər saat 6-7 radələrində Bərdə şəhərində “Seyidin xaşxanası” adlanan yerə getdim, orada xaş yedim. Yemək zamanı almadan çəkilmiş yarım litr spirtli içki içdim. Təkiydim, mənimlə heç kim yox idi.
Təxminən 40 dəqiqə sonra kafedən çıxdım, piyada yolun səki hissəsi ilə “26-lar” deyilən küçəyə gəldim. “Səadət” şadlıq sarayının yanında olan küçəyə girdim. Bu zaman ağ rəngli avtomaşının yaşayış evindən küçəyə çıxdığını, evin xanımının darvazanı içəri çəkərək bağladığını gördüm. Hasara dırmaşaraq evin həyətinə düşdüm. Pəncərədən baxanda evdə heç kimin olmadığını görüb, içəri daxil oldum.
İçəridə Günayla qarşılaşdım. O mənə dedi ki, nə istəyirsənsə de, verim, çıx get, mənə heç nə etmə, toxunma. Əliylə giriş hissədə yerləşən güzgülü mebelin qarşısında karton qutunun içərisində pul olduğunu göstərdi. Qutunun içərisində olan 1 ədəd 50 manatlıq və 2 ədəd 20 manatlıĞI götürdüm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu əməli sərxoş olduğu üçün törədib: “Maddi vəziyyətim qənaətbəxşdir. İdarə etdiyim, xüsusi mülkiyyət hüququ əsasında atama məxsus “Mercedes Atego” markalı yük maşını ilə günə 80-100 manat qazanıram. Bu qazanc mənə artıqlaması ilə kifayət edir.
Cinayət yolu ilə 90 manat pul əldə etmək indi mənə gülünc gəlir. Əməlimdən olduqca peşmanam. Günayı zorlamağa cəhd ittihamını isə qəbul etmirəm”.
“İnsan hənirtisi hiss etdim”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Günayın sözlərinə görə, şirkətlərdən birində rəsmən satış məsləhətçisi işləyir, adəti üzrə saat 08:30-da evdən çıxaraq işə gedir, saat 18:00-da evə qayıdır:
“Həyat yoldaşım Səlim MMC-də mühasibı-kassirdir. Qayınatam Əli və qayınanam Mahirə məktəbdə işləyirlər. Qayınatam məktəbdə gözətçi, qayınanam təsərrüfat müdiridir.
Fevralın 27-də həmişə olduğu kimi saat 07:00-da həyat yoldaşım, qayınanam və qızım evdən çıxaraq işə getdilər. Qayınatam gözətçi olduğu üçün məktəbdə qalmışdı. Mən evdə təkiydim. Saat 08:30-da evdən çıxıb işə getməyə hazırlaşırdım.
Səlimgil gedəndən 10 dəqiqə sonra mətbəxə keçdim, səliqə-səhman işləri apardım. Bu vaxt arxamda insan hənirtisi hiss etdim, baxanda gördüm ki, hündürboy, cavan bir oğlan arxamda dayanıb. Əlində vintaçan (atvyorka) tutmuşdu. Onu görəndə qorxdum. Qışqıranda mənə təpindi, əlindəki vintaçanı göstərərək vuracağı ilə hədələdi, səsimi çıxarmamağımı tələb etdi. Qorxumdan donub qaldım”.
“And içdim ki, evdə nə varsa, verəcəm, mənə toxunma”
Zərərçəkmiş qeyd edib ki, adını sonradan polis şöbəsində öyrəndiyi Kamrana “nə istəyirsənsə de, verim, çıx get, mənə heç nə etmə” – deyə təklif edib: “O da dedi ki, doğurdanmı, nə istəsəm, verərsən? And içdim ki, evdə nə varsa, verəcəm, mənə toxunma. Gülümsəyərək sağ qolumun bilək nahiyəsindən tutdu, məni yataq otağına tərəf çəkərək, nə istədiyini orada bildirəcəyini dedi. Məni yataq otağına tərəf sürüdü.
Əvvəl onun niyyətini başa düşmədim. Çünki məndən açıq formada nə istədiyini demədi. Ağlıma gələn ilk şey maddiyyat olduğu üçün niyyətini anlamadım.
Kamran məni yataq otağına apardı, yataq otağında iki nəfərlik çarpayının üstünə yıxdı. Məni öpmək istəyəndə məqsədini başa düşdüm. Qışqıraraq üzünü dırnağımla cırdım, onu kənara itələdim. Kamran dedi ki, səsini çıxarsan, səni öldürəcəm. Dedim ki, şərəfsiz, məni öldür, amma namusuma toxunma, onsuz da, toxuna bilməyəcəksən, yaxşısı budur, evdə 90 manat pulumuz var, verim, çıx get.
Yenə üstümə uzandı, kənara itələyib, altından çıxdım. Təpiklə qarın nahiyəsinə vurdum. Dedim ki, mənimlə cinsi əlaqədə ola bilməyəcəksən, özümü öldürərəm”.
“Ehtiraslı olduğunu hiss etdim”
Zərərçəkmiş qeyd edib ki, daha sonra uşaq otağına tərəf qaçıb, Kamran dalınca gəlib, cinsi əlaqədə olmaq üçün onu tutub və özünə çəkməklə sıxıb: “And içdim ki, pulu götürüb getsin, mənə heç nə eləməsin, namusuma toxunmasın, bu barədə heç kəsə bildirməyəcəm.
Kamran dedi ki, haradan bilim, şikayət etməyəcəksən, heç kəsə deməyəcəksən? Evdə Quran varsa, gətir and iç, yalnız bundan sonra gedəcəm.
Kamranın məndən əl çəkməsi üçün məcbur qalıb Quran kitabına and içdim. Mən and içəndə belə Kamran məndən əl çəkmədi. Məni qızımın çarpayısının üstünə yıxaraq üstümə çıxdı. Əynimdə olan “Pejama” tipli şalvarımı çıxarmaq istədi. Təpiklə onun qarın nahiyəsinə vurdum. Onun ehtiraslı olduğumu hiss etdim.
Kamranın məni zorlamağına imkan vermədim. Qışqırmağımı görüb məni zorlaya bilmədi və getmək qərarına gəldi. Gedərkən yataq otağındakı qutunun içərisində olan 90 manatı ona verdim. O da pulu götürərək cibinə qoydu, qaçaraq hadisə yerindən uzaqlaşdı.
Kamranın arxasınca çıxanda gördüm ki, barıdan aşıb getdi. Evin qapısını bağladım, pərdələri çəkdim. Qorxdum ki, yenidən gələr”.
“Əvvəl ərimdən gizlətdim”
Günayın ifadəsinə görə, daha sonra həyat yoldaşı Səlimə mesaj yazıb və özünü tez evə yetirməsini istəyib: “Ərim səs göndərdi ki, nə olub? Yolda qəza etməməsi üçün yalandan dedim ki, yıxılmışam. On dəqiqə sonra Səlim evə çatdı.
Dedim, evə adam girmişdi, 90 manatı verdim, getdi. Bərk həyəcanlandığı üçün Səlimə evə girənin məni zorlamaq istədiyini demədim. Fikirləşdim ki, desəm, maşını sürüb küçələri axtarar, hadisə törədər. Ona görə də Səlim Daxili İşlər Nazirliyinin “102” xidmətinə mənim zorlanmağıma cəhd olunması ilə bağlı heç nə demədi. Polislər gələndən sonra hadisəni danışanda Səlim hər şeyi bildi”.
Zərərçəkmiş Kamranın küçədən onu əri Səlimlə yataqda görməsindən də danışıb: "Bizim yataq otağımızın pəncərəsi küçəyə tərəfdir, hasar hündür deyil. Ola bilər, pərdədən otaq görünsün. Mən həmin şəxsin əynindəki qara gödəkçəni cırmışam, gödəkçənin içi yataq otağına və qızımın otağına tökülüb. O məni zorlamaq istəyib. Mən də buna imkan verməmişəm. Məndən nə pul, nə də qızıl və ya qiymətli əşya tələb edib... Mənim boğazımda qızıl sep, qulağımda qızıl sırğa vardı. Kamran heç onlara da toxunmadı. Evimdə başqa heç nə oğurlanmayıb”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kamranın ittiham olunduğu Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri həmin məcəllənin 180.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə soyğunçuluq törətmək) maddəsinə tövsüf edilib.
Kamran Cinayət Məcəlləsinin 29,149.2.4 və 180.2.3-cü maddələri ilə təqsirli bilinib və 5 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən apellyasiya şikayəti verən dövlət ittihamçısı təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. O, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 29,149.2.4, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsini, ona həmin maddələrlə təklif etdiyi həddə və cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş edib.
Zərərçəkmiş şəxs də apellyasiya şikayətində təqsirləndirilən şəxsin 9 ilə qədər cəzasının artırılmasını istəyib.
Bundan başqa, təqsirləndirilən şəxsin özü tərəfindən də apellyasiya şikayəti verilib. Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 29,149.2.3-cü maddəsi ilə bəraət verilməsinə, əməli Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddəsinə tövsif edilməsini, ona sanksiyanın orta həddində azadlıqdan mərhumetmə cəzası təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edib.
Bütün tərəflərin şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü tamamilə ləğv edilib və yeni ittihamedici hökm çıxarılıb.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 29, 149.2.4, 181.2.3 və 181.2.5-ci maddələri ilə ittiham elan edilib və onun cəzası 9 ilə qədər artırılıb.
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının protesti və zərərçəkmiş şəxsin şikayəti qismən təmin edilib, təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb.