Gülnaz Çıldırlı. Ana Vətəni Xocalı olan gürcüstanlı soydaşımızdır. Xocalı sözünü hər eşidəndə gözlərindən ixtiyarsız yaşlar axır. Bu göz yaşlarına səbəb həm Xocalı faciəsində itirdiyi onlarla yaxınları, həm də anası, Xocalıdan Gürcüstanın Marneuli rayonuna gəlin köçmüş Kətan Ələkbərovanın (1927-2020) həyata keçməyən arzusudur.

Teleqraf-ın Gürcüstan bürosunun əməkdaşı Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində Marneulidə yaşayan Çıldırlılar ailəsinə baş çəkib, Gülnaz xanım və həyat yoldaşı Aqnet müəllimlə həmsöhbət olub.

Gülnaz xanım söhbətə Xocalı haqqında uşaqlıq xatirələrini bölüşməklə başlayır. Deyir ki, anası Kətan xanım övladlarını Qarabağa tez-tez aparardı.

“Anam azad Xocalıya piyada gedəcəyini əhd etmişdi”

Gülnaz xanımın anası Kətan Ələkbərova 17 yaşında Marneuliyə gəlin köçüb. Ana nənəsi və babası – Leyla və Bağır Ələkbərovlar 1918-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalından deportasiya olunublar və Xocalıda məskunlaşıblar.

Həmsöhbətim özünü qarabağlı hesab edir. O, bu torpağa uşaqlıqdan bağlanıb.

“Qarabağ Azərbaycanın gözüdür. Uşaqlıqdan Xocalıya vurğunam. Özümü qarabağlı hesab edirəm. Oranı heç unuda bilmirəm. Gürcüstanda böyüyüb boya-başa çatmışam. Bundan sonra Allah verən ömrü Xocalıda yaşasam, elə bilərəm dünya mənimdir. Nənəmin evi Xocalı hava limanının yaxınlığında yerləşirdi. İndiyə qədər Xocalıda bitən kəklikotunun ətrini xatırlayıram. Kəklikotu orada çox bitirdi, kiçik sahədən bir neçə kisə yığırdıq. Heç bir kəklikotu Xocalı kəklikotusunun ətrini və dadını vermir. Xocalının balı da bənzərsiz idi. Oğlum uşaq yaşlarında orada daddığı balı hələ də xatırlayır. Deyir bir neçə yerin balının dadına baxsa da, Xocalı balı kimi dadı damağında qalmır”.

Gülnaz xanım anası Kətan Ələkbərovanın Xocalı həsrətindən söz açır:

“Anam deyirdi ki, hər dəfə Xocalı sözünü eşidəndə sanki yarasına köz basırlar. Xocalı faciəsində doğma və yaxınlarını itirməsi anam üçün dözülməz ağrı idi. Gözləri yaşlı qalmışdı. Öz-özünə bayatılar deyib ağlayardı. Soruşanda niyə ağlayırsan, cavabı belə olurdu: “Anan ölsün, sən bilməzsən”. Anamı qəribçilik deyil, Xocalı faciəsi yıxdı. Faciənin baş verəcəyini yuxumda görmüşdüm. Aqneti 1992-ci ilin fevral günündə Azərbaycana sübh tezdən yola salandan sonra bir saat yuxu yatdım. Gördüm Qırmızı körpüdən baxıram ki, yol boyu ağaclar kəsilib və xırda-xırda doğranıb. Səhər saat 11-də zəng gəldi ki, Xocalıya basqın olub, xalam qızı Fitat qətlə yetirilib. Aqnetlə telefonla danışdım, “Xocalı yoxdur” dedi...

Anam Xocalının azad ediləcəyini elə səbirsizliklə gözləyirdi. İnanırdı ki, doğma yurdu azad ediləcək və Marneulidən ora piyada gedəcəyini əhd etmişdi. Yaşı 90-nı ötsə də, bunu əminliklə deyirdi. Şuşanın azad edildiyi xəbərini eşitmişdi, həmin gündən bir neçə gün sonra vəfat etdi. Anam çox sağlam qadın idi, ahıl yaşda olsa da, iynəni eynəksiz saplayırdı. Koronavirusa yoluxmasaydı, bəlkə də hələ həyatda olardı. Azərbaycanın telekanallarını izləyirdi. Bir gün yanına gedəndə mənə dedi ki, televizorda xəbər lentindən oxumuşum, deyəsən, Qarabağı alırlar. Mən də dedim ki, Xocalı da azad ediləcək. Çox təəssüf ki, doğma torpağın azadlığını görmək anama nəsib olmadı.

Anam arzu etmişdi ki, Xocalı azad edilsin, orada qurbanlıq kəsdirəcək. Xocalı azadlığa qovuşandan sonra mən Marneulidə qurbanlıq kəsdirdim. Anamın Xocalı ilə bağlı həyata keçməyən arzusunu mən yerinə yetirəcəyəm. Xocalıya gedəcəyim günü səbirsizliklə gözləyirəm. Oradan anamın məzarı üzərinə səpmək üçün torpaq gətirəcəyəm. Bunu anamın məzarı başında söz vermişəm”.

Aqnet Çıldırlı üçün Xocalı faciəsi barədə danışmaq xüsusilə çətindir. Çünki 33 il öncə törədilmiş qətliamdan bir ay öncə Xocalıda olub. Faciədən bir gün əvvəl isə Ağdamda olub və bura üz tutan xocalılara yardım edib. Həmsöhbətim həmin günləri belə xatırlayır:

“Xocalıları maşınıma əyləşdirib Ağdam xəstəxanasına aparırdıq”

“Faciədən bir ay öncə “VAZ-2106” maşınımla Ağdama qohumlarımızın yanına qonaq getmişdim. Əsgərandan Xocalıya yollanmaq üçün şlaqbaumdan keçəndə rus həbçisinə bir qutu siqaret verdim. Azərbaycan nömrəli maşınları daşa basırdılar, mənim maşınım Gürcüstan nömrəli idi deyə hücuma məruz qalmadım. Həmin vaxt Xocalıda sakinlər arasında müəyyən narahatlığın olduğu hiss edilirdi. Söz-söhbət gəzirdi ki, ermənilər basqın edəcək. Amma xocalılarda qorxu hiss yox idi. Onlar mərd idilər. Təhlükənin olduğunu bilə-bilə doğma el-obanı tərk etmirdilər.

Faciədən bir gün öncə Ağdamda idim. Birdən gecə səs-küy qalxdı ki, Xocalıya hücum olub, yerli camaatı qırırlar. Ağdamda qohumları olanlar bura üz tutmağa başladılar. Səhər açılanda bacanağımla birgə xocalılara köməyə getdik. Xocalıdan qaçıb canlarını qurtaranları maşınıma əyləşdirib Ağdam xəstəxanasına aparırdıq. Xəstəxana dəhlizlərinə qədər insanlarla dolu idi. Xocalılar elə halda idilər ki, danışmağa belə taqətləri yox idi. Vahimə içində və əl-ayaqları donmuş halda”.

Aqnet Çıldırlı xatırlayır ki, həmin vaxt məlumat yaydılar ki, Xocalı işğal edilib və guya 2-3 nəfər ölüb. Amma həqiqətdə Xocalı yerlə-yeksan edilmişdi, sakinləri vəhşicəsinə qətlə yetirilmişdi.

Erməninin azərbaycanlı kirvəsinə Xocalı xəbərdarlığı

Gülnaz xanım Xocalıda o zaman baş müfəttiş olmuş xalası oğlu Oleq Əliyevlə bağlı maraqlı hadisəni yadına salır. O.Əliyevin danışdığına görə, iş yerində ona müəyyən işarə ilə Xocalıda qırğının törədiliəcəyi ilə bağlı xəbərdarlıq edilirdi.

“Oleq deyirdi ki, faciədən bir neçə ay öncə otağımda paltomun asıldığı asılqana hər dəfə qara lent bağlayırdılar. Sonra məlum oldu ki, lenti asan onun erməni kirvəsi olub və o, bununla işarə edirdi ki, Xocalıda qalmaq təhlükəlidir, rayonu tərk et. Oleq Bakıya getdi. Deyirdi ki, artıq Xocalıda yaşamaq çətinləşib”.

“Dayım oğlu faciədən bir neçə il sonra intihar etdi”

Gülnaz xanım Xocalıdakı yaxınlarının yarıdan çoxunu itirib. Xocalını tərk edən qohumlarının bir qismi sağ qalıb, bir qismi qətlə yetirilib, digər qisminin taleyi isə bu günədək məlum deyil.

“İki xalam oğlu meşə ilə qaçanda görəndə ki, tanklar üzərilərinə gəlir, meyitlərin arasında uzanıblar ki, onları ölü bilsinlər. Yaxınlarım deyirlər ki, həmin gecə hücum edən həbrçilərdən bir dənə də olsun belə ermənicə söz eşitməyiblər. Hamısı rusca danışırdı və sanki içkili vəziyyətdə idi. Əsir düşənlərimiz də oldu, meşədə meyitləri qalanlar da. Dayımın yoldaşı danışırdı ki, ağacların budaqlarını qırıb meyitlərin üstünə düzürdü ki, bəlkə geri dönüb onları götürmək mümkün oldu. Yalnız bir yaxınımın – dayım oğlu Zakirin ötən il Xocalıda qazıntı zamanı qalıqları tapılıb. 40 gün əsirlikdə olmuş xalam qızının həyat yoldaşı Əli Nəbiyevin 32 qızıl dişinin hamısını çıxarıblar. Əli əsirlikdən qaytarılanda üst-başında qan quruyub qalmışdı. Danışırdı ki, dişlərini bir gündə çıxarmırdılar. Hər gün bir neçə dəfə kəlbətinlə dişlərini sökmüşdülər. O, həmin günlərin stressini hələ də yaşayır, müalicəsini davam etdirir.

Dayım oğlu Rizvan Yusubov faciədən bir neçə il sonra intihar etdi. O, 10 gün əsir qalmışdı. Danışırdı ki, ermənilər onların saxlanıldığı tövləyə gəlib əsirlərə çörək hissələri atırdılar. Çörəyə əl uzadanda uzunboğaz çəkməli ayaqları ilə əsirlərin əllərinin üstünə basırdılar. Əllərini çəkəndə ağrıdan ufuldamağa belə qorxurdular. O, əsirlikdən sonra özünə qapandı, tək qalmaq istəyirdi. Ailəsi onu tərk etdi... Hamam otağında özünü asdı...”

“Ermənilər xalam oğlunun başına pul qoymuşdular”

Gülnaz xanım dayısı oğlu, milli ordunun əsgəri Rövşən Həsənov barəsində də danışır. Onun sözlərinə görə, dayısı oğlu Xocalıda itkin düşən “13”lərdən biridir.

“Rövşən 10-dan çox silahdaşı ilə əsir götürüldü. Dayım oğlu Qarabağda yaxşı tanınan Qaçaq Bağırın nəvəsi idi. Bağır kişi 1905–1906-cı illərdəki erməni-müsəlman davasında Qarabağ mahalında silahlı hücumlara qarşı qəhrəmanlıqla müqavimət göstərib. Babasına görə ermənilər Rövşənin başına pul qoymuşdular.

Deyilənlərə görə, Rövşən Həsənov digər silahdaşları ilə birgə bir müddət tövlədə saxlanılıb, işgəncələrə məruz qalıb, daha sonra hamısı güllələnərək meyitləri tövlənin arxasındakı çalaya atılıb”.

Xocalı faciəsindən sonra Çıldırlılar Rövşəni axtarıb tapmağa çalışıblar. Aqnet Çıldırlının Marneulinin Şaumyan kəndində birgə hərbi xidmətdə olduğu Saro adlı erməni dostu bildirmişdi ki, Rövşən sağdırsa, onu Gürcüstana gətirib təhvil verəcək.

“Hadisədən təqribən 10 il sonra idi. Aqnet Rövşənin ad-soyadını və fotoşəklini həmin erməni dostuna verdi. Saronun əmisi Qarabağda əsirlərə nəzarət edən general-polkovnik olub. O, söz vermişdi ki, Rövşən öldürülməyibsə, onu əmisi vasitəsilə tapıb Gürcüstana gətirəcək. Pul ehtiyatı da gördük. Nə qədər pul istəsəydi, verməyə hazır idik. Rövşənin sağ olduğuna və azad ediləcəyinə inamımız yaranmışdı. Onu qarşılamağa hazırlıqlar belə gördük... Saro bizə xəbər etdi ki, Rövşəni axtarıblar, amma o, sağ qalanlar arasında olmayıb...”.

Qeyd edək ki, Rövşən Həsənov 1997-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Mükafatı onun həyat yoldaşına ümummilli liderimiz Heydər Əliyev təqdim etmişdi.

“Xocalıda bir balaca daxmada belə yaşamağa hazıram”

Gülnaz və Aqnet Çıldırlı Xocalıda məskunlaşmaq, bundan sonrakı həyatlarını orada yaşamağa hazırdırlar. Onlar bununla bağlı ötən ilin aprelində Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət ediblər.

“Anama doğma torpağa qayıtmaq qismət olmadı. Nənə-baba yurduma, ana Vətənimə qayıtmağı özümə həm də mənəvi borc bilirəm. Günü bu gün Xocalıya köçməyə hazıram. Anamın bir parçası olaraq Xocalıya qovuşsam, onun ruhu rahatlıq tapar. Xocalıda bir balaca daxmam belə olsa, bəsimdir”, - deyir Gülnaz xanım.

Səfirliyin Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə yönəltdiyi Çıldırlıların müraciətinə cavab özünü çox gözlətməyib. Bildirilib ki, qurum yalnız məcburi köçkün statusuna malik olan şəxslərin işğaldan azad edilmiş ərazilərdə məskunlaşdırılması prosesini həyata keçirir.

Xocalıdan yeganə yadigar

Gülnaz xanım 1975-ci ildə Xocalıdan aldığı hamam dəstindən qalmış güzgünü bu günə qədər dəyərli əşya kimi qoruyub saxlayıb. Onun sözlərinə görə, hamam dəstini 15 rubla almışdı və selofan bağlamasının üzərində “Stepanakertdə istehsal edilib” sözləri yazılmışdı. Plastmas çərçivəli güzgü soydaşımın evinin həyətində əlüzyuyanın yuxarısında asılıb. Gülnaz xanım Xocalı azad edilənə qədərki dövrdə güzgüyə kədərli baxışlarla baxırdısa, indi artıq güzgüyə gülərüzlə boylanır və bəlkə də Xocalı ilə bağlı xəyallar da qurur.

İndi Gülnaz xanımın ən böyük arzusu azad Xocalıya getmək, müqəddəs saydığı torpağa ayaq basmaqdır. Quru sərhədlə Azərbaycana yollanmaq icazəsi üçün Gürcüstandakı səfirliyimizə müraciət edib. Soydaşımın qulağı səsdədir, icazə gələn kimi Bakıya, oradan da Xocalıya yollanmağı planlayır. Anasının arzusunu həyata keçirmək üçün. “Xocalıya səfərim baş tutsa, müjdəni birinci sizinlə bölüşəcəyəm”, - deyir Gülnaz xanım.
Soydaşıma xoş xəbəri tezliklə almasını dilədim. Həm də arzuladım ki, növbəti görüşümüzdə Gülnaz xanımın Ana Vətəni Xocalıya uzun həsrətdən sonra ilk səfərinin xoş təəssüratlarını dinləyib qələmə alım.