BAKI, 25 fevral. TELEQRAF

Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evində 26 fevral – Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Teleqraf xəbər verir ki, öncə Xocalı soyqırımı zamanı həlak olmuş günahsız insanların, qadın və uşaqların əziz xatirəsi dərin ehtiramla yad edilib.

Helsinki Azərbaycan Evinin sədri Ülviyyə Cabbarova “Xocalıya ədalət” beynəlxalq şüarının həm milli, həm də beynəlxalq səviyyədə ədalət çağırışı olduğunu vurğulayıb. O, Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasının vacibliyini qeyd edərək, bu istiqamətdə daha genişmiqyaslı işlərin aparılmasının zəruriliyini diqqətə çatdırıb.

Anım mərasimində Türkiyənin Finlandiyadakı Səfirliyinin nümayəndələri, eləcə də Finlandiyada yaşayan soydaşlarımız iştirak ediblər. İştirakçılar Xocalı faciəsi haqqında çıxışlar ediblər, beynəlxalq ictimaiyyətin bu məsələyə daha çox diqqət yetirməsinin vacibliyi barədə fikirlərini bölüşüblər.

Çıxışlarda Xocalının azad edilməsi zamanı Azərbaycan ordusunun qəhrəmanlığı, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalıya səfərləri, sakinlərlə görüşləri xüsusi vurğulanıb. Qeyd olunub ki, Xocalıda insanların rahat yaşaması üçün hərtərəfli şərait yaradılır, doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsizliyi, onların məşğulluğunun təmin edilməsi, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görülür.

Finlandiyada fəaliyyət göstərən “Azər-Türk Gənclər Təşkilatı”nın və Helsinki Azərbaycan Evinin fəal üzvü Mona Savaşovar 2021-ci ildə Finlandiyada Xocalı haqqında nəşr olunmuş məqaləsi barədə məlumat verib. O, məqalənin yerli ictimaiyyətə Xocalı həqiqətlərini çatdırmaq baxımından əhəmiyyətini vurğulayıb və gələcəkdə bu mövzuda daha genişmiqyaslı işlərin aparılmasının vacibliyini xatırladıb.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.