BAKI, 26 fevral. TELEQRAF
Azərbaycan Milli Elmlər Akademiyasında Qafqazşünaslıq İnstitutunun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib. İnstitutda cəmi 18 nəfər əməkdaş çalışırdı.
Teleqraf xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsinin ziyarətindən sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin əməkdaşların bir qismi tarixi aspektdə çalışanlardır.
O qeyd edib ki, bu gün də Azərbaycan xalqı Xocalı şəhidlərinə sonsuz ehtiramını bildirmək üçün "Ana harayı" abidəsinin ətrafındadır.
“Amma bu iki ilin əvvəlki illərdən fərqi odur ki, sözün əsl mənasında içində bir qürur daşıyırsan. Bu qürurun da ən böyük səbəb odur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev həm Azərbaycanın 30 illik işğaldan sonra bütün torpaqlarını azad edib geri qaytardı, həm ərazi bütövlüyü təmin olundu, həm də Xocalıya yeni həyat qayıtdı. Artıq insanlar öz yurduna, yuvasına qayıdırlar. Qarabağa böyük qayıdış və müharibədə qazanılan böyük qələbə, ərazi bütövlüyümüzün tam təsdiq olunması bizim “Konstitusiya və suverenlik ili”nin ən böyük təntənəsidir", - İ.Həbibbəyli əlavə edib.