
BAKI, 26 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın “Truth Social” platformasında Qəzza zolağı ilə bağlı paylaşdığı video müzakirələrə səbəb olub.
Teleqraf xəbər verir ki, heç bir şərh verilmədən yayımlanan videoda süni intellektdən istifadə edilərək dəyişdirilmiş Qəzza mənzərəsi görünür.
Kadrda Qəzzanın dollarlarla dolub-daşdığı və şənliklərin keçirildiyi görüntüsü əks olunur.
Videoda davam edən müharibədən sonra “ciddi şəkildə yenidən qurulmuş sahil bölgəsi”nə axın edən insanlar göstərilir.
“Qəzza 2025: bundan sonra nə olacaq?” sözləri ilə başlayan video amerikalı milyarder İlon Maskın insanlara dollar atdığını da əks etdirir.
Qəzzanın əsas küçələrindən birində ucaldılan qızılı rəngli Tramp heykəli ilə yanaşı, ABŞ prezidentinin qadınlarla rəqs etməsi və yemək yeyən Maskın görüntüləri də var.
Ən diqqətçəkən kadr isə Trampın İsrail Baş naziri Benyamin Netanyahu ilə Qəzza sahilində günəş vannası qəbul etməsi ilə bağlıdır.
Paylaşım sosial şəbəkələrdə sərt təpkilərə səbəb olub.
Xatırladaq ki, ABŞ prezidenti bundan əvvəl fələstinlilərin Qəzzadan köçürülməsi planını irəli sürülüb. Tramp bu çərçivədə qəzzalıların İordaniya və Misirə göndərilməsini təklif edib.
Videonu təqdim edirik: