
BAKI, 26 fevral. TELEQRAF
Fevralın 25-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 84 saylı tam orta məktəbdə Əmircan qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə Milli Məclisin deputatı Afət Həsənova da iştirak edib.
Teleqraf xəbər verir ki, görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev ölkəmizin bütün bölgələrində, o cümlədən, Suraxanı rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışıb və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd edib.
Həmçinin, Milli Məclisin deputatı Afət Həsənova qaldırılan bir sıra məsələlərə aydınlıq gətirərək qeyd edib ki, mövcud problemlərin həlliylə bağlı müvafiq dövlət qurumları tərəfindən lazimi tədbirlər görülür.
Qəbulda iştirak edən sakinlər kanalizasiya xəttinin çəkilişi, məhəllədaxili küçələrin asfaltlanması və digər sosial problemlərlə bağlı müraciət ediblər. RİH başçısı tərəfindən sakinlərin problemləri dinlənilərək həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.