.jpg)
BAKI, 26 fevral. TELEQRAF
"Xocalı soyqırımını heç vaxt unutmayacağıq, Türkiyə olaraq hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq".
Bu sözləri Teleqraf-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç Xocalı soyqırımı haqqında danışarkən deyib.
"Xocalı sakinləri mədəniyyətdən, insanlıqdan, mərhəmətdən, sevgidən uzaq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildilər, doğma torpaqlarından zorla çıxarıldılar, əsir götürüldülər. Xocalı XX əsrdə bəşəriyyətin, "sivil dünya"nın gözü qarşısında insanlığa qarşı həyata keçirilən cinayətdir. Halbuki azərbaycanlılar dünyanın ən mədəni, ləyaqətli və nəzakətli xalqıdır. Əlində silah yox, qələm, dilində söz var. Azərbaycan xalqının böyüklüyü onun mədəniyyətindən qaynaqlanır.
İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri Ermənistana könüllü qayıdan heç bir erməniyə əl qaldırmadı, təzyiq göstərmədi.
Azərbaycanlılar öz doğma yurdlarına döndülər, tarixin faciəli və qaranlıq səhifəsindən sonra yeni tarix yazdılar. Allah bu millətə bir daha zülm yaşatmasın. Türkiyə hər zaman Azərbaycanın yanındadır.
Türkiyədə Xocalı soyqırımı ilə bağlı bir çox tədbirlər keçirilir. Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun təşkilatçılığı, Azərbaycan səfirliyi və Türkiyə Böyük Millət Məclisi Rəyasət Heyətinin himayəsi altında Xocalı Soyqırımına həsr edilən foto-sərgi və anma tədbirləri təşkil olunub. Xocalı soyqırımında dünyasını dəyişən bacı-qardaşlarımıza Allahdan rəhmət diləyir və onların əziz xatirəsini ehtiramla yad edirik", - deyə Səlçuk Karakılıç bildirib.