BAKI, 26 fevral. TELEQRAF

Xocalı soyqırımının 33-ci ildönümü ilə əlaqədar 26 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində anım tədbiri keçirilib.

Səfirlikdən Teleqraf-a bildirilib ki, tədbirdə Çində akkreditə olunan diplomatik nümayəndəliklər ilə yanaşı, elmi və ictimai dairələrin nümayəndələri, həmçinin Pekində yaşayan vətəndaşlarımız iştirak edib.

Öncə şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Səfirliyin həyətindəki Xarı bülbül barelyefinin önünə əklil qoyulub, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov çıxışında Xocalıda törədilmiş qətliam barədə ətraflı məlumat verərək Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərini işğalı zamanı törətdikləri vəhşiliklərdən danışıb. Səfir bildirib ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə erməni millətçi-şovinistlərinin etnik təmizləmə və soyqırım siyasətinə məruz qalıb. Xocalı soyqırımı bu aqressiv və etnik nifrət üzərində qurulmuş erməni siyasətinin nəticəsidir. Xocalı qətliamı eyni zamanda Azərbaycanın müstəqillik mübarizəsinin bir parçasıdır. Xocalı faciəsi bizə tariximizi unutmamağı, ədalət uğrunda mübarizə aparmağı öyrədir. Son illər Xocalı faciəsini fərqli hisslərlə yad edirik. Bu gün Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrimizin rəşadəti və xalqımızın vəhdəti nəticəsində torpaqlarımız işğaldan azad olunub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Qaçqın köçkün sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunub. Xocalıda qətlə yetirilmiş günahsız insanların xatirəsi 2024-cü il fevralın 26-da ilk dəfə Xocalı şəhərində anılıb. İşğaldan azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən aparılan yenidənqurma işləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyat bərpa olunur. Bu işlər çərçivəsində Xocalı torpağı bütün dünyanın gözü önündə cənnətə çevrilir. Şəhərdə yaşayış kompleksləri inşa edilir, parklar salınır, lazımi infrastruktur yaradılır. Ermənistanın işğalından azad edilmiş bölgələrdə ailələrin yerləşdirilməsi üzrə “Böyük Qayıdış” proqramının icrasına başlanılıb.

Tədbir çərçivəsində Xocalı faciəsi barədə dünya mətbuatında çap olunan məlumatların foto sərgisi, həmçinin özündə soyqırımın şahidlərinin müsahibələrini və işğaldan azad olunmuş Xocalı şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət bayrağının qaldırılması və şəhərdə aparılan quruculuq işlərini əks etdirən video çarx nümayiş olunub.