BAKI, 26 fevral. TELEQRAF

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Ombudsmanla müsahibəni təqdim edirik:

- Səbinə xanım, Ombudsman Aparatı Xocalı soyqırımına beynəlxalq müstəvidə ədalətli qiymət verilməsi, erməni terrorçu dəstələrinin dinc azərbaycanlılara qarşı törətdikləri qırğının soyqırımı kimi tanınması üçün hansı addımları atıb?

- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına hər il tərəfimizdən bəyanat ünvanlanır. Bu bəyanatlarda beynəlxalq təşkilatlar, ümumilikdə dünya ictimaiyyəti XX əsrin vəhşiliklərlə müşayiət olunan ən ağır cinayət əməllərindən biri sayılan Xocalı soyqırımına hüquqi qiymətin verilməsinə çağırılır, insanlıq əleyhinə yönəlmiş bu dəhşətli cinayət əməlinin törədilməsində təqsirkar şəxslərin ədalət mühakiməsi qarşısında cavab verməsinin əhəmiyyəti qeyd olunur.

Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş Xocalı faciəsi Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə həyata keçirdiyi, beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqların kobud şəkildə pozulması ilə nəticələnən etnik təmizləmə siyasətinin sübutudur. Biz Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı məlumatları iştirak etdiyimiz beynəlxalq tədbirlərdə, habelə xarici nümayəndələrlə görüşlərimizdə daim xüsusi olaraq vurğulayırıq.

Yeri gəlmişkən, bildirmək istərdim ki, ötən günlərdə Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar təşkil olunmuş anım tədbirində iştirak etmişik. Bu anım tədbirində də Xocalı soyqırımı, eləcə də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı dəqiq məlumatın hələ də əldə olunmadığı qeyd edilib, bu faciəyə tam ədalətli qiymət verilməsinin və cinayətkarların məsuliyyətə cəlb olunmalarının vacibliyi vurğulanıb.

- Xocalı soyqırımından 33 il ötür. Sizcə, beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri Xocalı soyqırımını niyə tanımır? Onların bu mövqeyini necə qiymətləndirirsiniz?

- Ermənistanın sülh və insanlıq əleyhinə çoxsaylı cinayətlər, azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə və deportasiyalar törətdiyinə dair yetəri qədər sübutlar var. Daha əvvəl də qeyd etdiyim kimi, bu faktlarla əlaqədar dəfələrlə beynəlxalq təşkilatlara hesabatlar, müraciətlər ünvanlanmış, bəyanatlar yayımlanıb. Bütün bu faktların mövcudluğuna baxmayaraq, həm beynəlxalq təşkilatlar, həm də dünyanın aparıcı dövlətləri tərəfindən həmin cinayətlərə göz yumulmasının, hələ də adekvat reaksiya verilməməsinin əsas səbəbi ölkəmizə qarşı tətbiq olunan ikili standartlardır.

Belə yanaşmanın nümayiş etdirilməsi həmin cinayətləri törətmiş şəxslərin cəzasız qalmasına səbəb olur və nəticədə bu cür hadisələrin yenidən təkrarlanmasına zəmin yaradır. Buna görə də sülhə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin cəzasızlığına son qoyulması, bu cür hadisələrin bir daha törədilməyəcəyinə təminat verilməsi və vurulmuş maddi və mənəvi ziyana görə tam olaraq kompensasiyanın ödənilməsi yönündə Azərbaycan tərəfindən beynəlxalq səviyyədə həyata keçirilən işlərə beynəlxalq ictimaiyyətin dəstək göstərməsi, eləcə də bu məsələ üzrə əməkdaşlığın yaradılması mühüm əhəmiyyət kəsb edir.

Onu da qeyd etməliyəm ki, bu kütləvi qırğının baş vermə səbəbi azərbaycanlı olduqları üçün bu ərazilərdə yaşayan insanların tamamilə məhv olunması idi. Xocalı soyqırımı törədilən zaman “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyalarının, həmçinin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə”, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “Uşaq hüquqları haqqında” konvensiyaların, “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktların müddəaları, xüsusilə insanların yaşamaq, şəxsi toxunulmazlıq, mülkiyyət, işgəncəyə, ayrı-seçkiliyə məruz qalmamaq və digər fundamental hüquqları kobud şəkildə pozulub. Beynəlxalq hüquqda soyqırımı aktının törədilməsi qadağan edilir və ən ağır cinayətlərdən hesab olunur. Xocalıda törədilmiş cinayətin miqyası onu deməyə əsas verir ki, bu hadisələr zamanı beynəlxalq sənədlərdə öz əksini tapmış soyqırımı cinayətini təşkil edən bütün hərəkətlər baş verib.

Mən bir daha bütün dünya ictimaiyyətini Xocalı soyqırımı zamanı törədilmiş cinayət əməllərini məhz soyqırımı kimi tanıyaraq siyasi və hüquqi qiymətin verilməsi üçün bütün imkanlarını səfərbər etməyə və bu istiqamətdə ölkəmizə dəstək göstərməyə çağırıram. Yalnız bu halda biz günahsız insanların kobudluqla pozulmuş hüquqlarının bərpasına nail ola bilərik.

- Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyənləşdirilməsi ilə bağlı Ombudsman Aparatı tərəfindən nə kimi tədbirlər görülüb?

- Təkcə Xocalı soyqırımı zamanı deyil, ümumilikdə Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların talelərinin müəyyənləşdirilməsi, soydaşlarımızın hüquqlarının bərpası istiqamətində Ermənistana lazımi müqavimətin göstərilməsi üçün beynəlxalq təşkilatlar vasitəsilə müxtəlif formalarda və üsullarla dəfələrlə müraciətlər və çağırışlar edilib. Lakin bütün bu çağırışlar cavabsız qalıb, bu məsələ barədə İnsan Hüquqları üzrə Müvəkkil olaraq reaksiya ala bilməmişəm.

Ombudsman təsisatı itkin düşmüş soydaşlarımızla bağlı məlumatların toplanması və sənədləşdirilməsi ilə bağlı işlər görür. Bu məlumatlar əsasında hesabatlar hazırlanır və beynəlxalq ictimaiyyətə təqdim edilir ki, bu da məsələnin qlobal səviyyədə tanınmasına və həllinə töhfə verir. Belə ki, tərəfimdən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlanaraq, aidiyyəti beynəlxalq təşkilatlara ünvanlanıb. Bu hesabatın hazırlanmasında əsas məqsəd 4000-ə yaxın itkin düşmüş azərbaycanlının indiyədək naməlum qalan taleyi ilə bağlı məsələnin, habelə onların ailələrinin çağırışlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, itkin düşmüş şəxslər haqqında məlumatların verilməsinin təmin edilməsindən ibarətdir. Hesabatda Birinci Qarabağ müharibəsində və sonrakı dövrdə itkin düşmüş şəxslərlə bağlı yerli və beynəlxalq qurumlarla əməkdaşlıqda əldə edilmiş məlumatlar toplanaraq ümumiləşdirilib. Eyni zamanda, mən və Aparatın əməkdaşlarının itkin düşmüş şəxslərin ailə üzvləri, ermənilər tərəfindən girovluqda saxlanmış şəxslərlə keçirdiyi görüşlər, bu görüşlər zamanı doğmalarının həmin şəxslər haqqında verdiyi məlumatlar hesabatda öz əksini tapıb.

Bundan əlavə, Ombudsman Aparatı və regional mərkəzləri tərəfindən Xocalı soyqırımının ildönümlərində anım tədbirləri təşkil edilir. Bu tədbirlər vasitəsilə həm faciənin qurbanlarının xatirəsi yad edilir, həm də itkin düşmüş şəxslərin taleyinin unudulmaması və onların hüquqlarının müdafiəsi məsələsi gündəmdə saxlanılır.

Ümumilikdə, Ombudsman Aparatının fəaliyyəti Birinci Qarabağ müharibəsi zamanı və sonrakı dövrdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, onların ailələrinə dəstək göstərilməsi və bu məsələnin beynəlxalq ictimaiyyətin diqqətində saxlanılması istiqamətində mühüm rol oynayır.

- Xocalı qətliamı ilə bağlı araşdırmalar necə aparılır? Cavabdeh ölkə kimi Ermənistanın prosesə cəlb edilməsi təmin edilə bilərmi?

- Xocalı soyqırımı ilə bağlı araşdırmalar zamanı ilkin olaraq hadisə şahidlərinin ifadələri toplanır, qətliam zamanı törədilən cinayətlər foto və videomateriallarla sənədləşdirilir. Həmçinin Xocalı qətliamının beynəlxalq hüquq çərçivəsində soyqırımı aktı kimi tanınması üçün Ombudsman təsisatı və digər dövlət qurumları tərəfindən hüquqi əsaslar hazırlanır və beynəlxalq təşkilatlara mütəmadi olaraq hesabatlar və müraciətlər təqdim edilir.