Uşağı tərbiyə etmək məqsədilə ona qarşı fiziki və ya psixoloji zorakılıq göstərən şəxs cərimə olunacaq.
Teleqraf xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavəsi təklif olunur.
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Sənədə görə, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə 200 manat məbləğində cərimə olunacaq.
Bundan başqa dəyişikliyə əsasən, uşaqda zorakılıq əlamətlərinin aşkar edilməsi barədə məlumat verilmədikdə cərimə tətbiq olunacaq.
Layihəyə əsasən, uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməməsinə görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə ediləcəklər.
Bundan başqa, təklifə görə, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər 300 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 600 manatadək məbləğdə cərimə olunacaqlar.