
BAKI, 14 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkofun Moskvada danışıqları bitirdikdən sonra təyyarəsinin Bakıya endiyi xəbəri təsdiqlənərsə, bu, o demək olacaq ki, Ağ Ev Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində pay sahibi olmaq istəyir.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Dünəndən başlayaq müxtəlif ölkələrin liderləri Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması xəbərinə münasibət bildirir, bunu alqışlayan bəyanatlar verirlər. Hazırda Trampın başı Rusiya-Ukrayna müharibəsində atəşkəs razılaşmasının əldə olunmasına qarışsa da, Ağ Ev sahibi Cənubi Qafqazda əldə ediləcək sabitlikdə də rol almaq istəyə bilər.
Tramp özü üçün harda müsbət nəticə varsa, orda olmaq istəyir. Azərbaycan və Ermənistan Tramp administrasiyası ilə isti münasibətlər qurmaq istəyir. Bu baxımdan, Azərbaycanla Ermənistan arasında gələcək razılaşmada Vaşinqtonun hansıda formada iştirakına etiraz etməzlər”, - ekspert bildirib.
Elxan Şahinoğlu vurğulayıb ki, buna baxmayaraq, gələcək sülh sazişinin imzalanması üçün ən uyğun məkan Türkiyədir:
“Ermənistan Baş naziri Nikol Paşinyan qısa müddətdə Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyini gizlətmir. Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa, Türkiyə də bu ölkə ilə sərhədi açacaq və diplomatik münasibətləri bərpa edəcək. Buna görə də Ankara və ya İstanbulda imzalanacaq sülh sazişi üçlü bir anlaşma mahiyyəti də daşıya bilər”.