BAKI, 5 noyabr. TELEQRAF
Azərbaycanın dövlət xidmətləri sahəsindəki təcrübəsini, xüsusilə də “ASAN xidmət” modelini yüksək qiymətləndiririk.
Teleqraf xəbər verir ki, bunu BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müşaviri Junhua Li Bakıda keçirilən “İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” tədbirində bildirib.
Junhua Li qeyd edib ki, “ASAN xidmət” modeli əlçatanlıq, xidmət keyfiyyəti və innovasiyaya əsaslanan yanaşması ilə dövlət-vətəndaş münasibətlərində etimadın gücləndirilməsinə töhfə verir.
O xatırladıb ki, Azərbaycan 2015-ci ildə BMT-nin Dövlət Xidməti Mükafatına, 2019-cu ildə isə rəqəmsal hökumətin inkişafına görə xüsusi mükafata layiq görülüb.
BMT rəsmisi Azərbaycanın inkişaf etməkdə olan ölkələrdə dövlət xidmətlərinin təkmilləşdirilməsinə, o cümlədən BMT-nin müvafiq layihəsinə verdiyi dəstəyi də yüksək qiymətləndirib.