BAKI, 6 noyabr. TELEQRAF
“Azərbaycan özünün iqtisadi potensialına əsaslanmaqla dərin məzmunlu sosial siyasət həyata keçirir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları və mənafeyi dayanır”.
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Onun sözlərinə görə, bu siyasi kurs praktiki müstəvidə davamlı tədbirlərlə və islahatlarla təsdiqlənir. Azərbaycan dövləti daim uğurlu sosial siyasət həyata keçirir və vətəndaşların rifahı həmişə dövlət siyasətinin ön planında dayanıb. Ölkədə həyata keçirilən uğurlu sosial siyasətin nəticəsidir ki, bu gün Azərbaycan sosial dövlət olaraq bir çox ölkələr üçün örnəkdir. Eyni zamanda, Azərbaycan dövləti vətəndaş amilini hər zaman önə çıxararaq ölkədə ictimai-siyasi sabitliyə, önəmli rifah və yüksəliş göstəricilərinə təsir göstərən amillərin daha da güclənməsi tezislərini inkişaf etdirir. Nəzərə almalıyıq ki, son illər ərzində də Azərbaycanda xeyli önəmli addımlar atılıb. Ötən dövrdə Prezident İlham Əliyev ölkə vətəndaşlarının rifah halının yaxşılaşmasını, gəlir imkanlarının artırılmasını, məşğulluğun daha geniş miqyasda təmin edilməsini hədəfləyən çoxsaylı sənədlər imzalayıb, bir neçə proqramı təsdiqləyib. Hazırda respublikamızda ədalətli resurs bölgüsü siyasətinə uyğun olaraq sosial paketlər reallaşdırılıb ki, bu da yüksək vətəndaş məmnunluğunu şərtləndirir.
Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan təbəqəyə xüsusi həssaslıqla yanaşır. Şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına Prezident İlham Əliyevin tapşırığına əsasən aidiyyəti qurumlar tərəfindən qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin böyük bir hissəsinin mühüm vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahürü kimi yüksək dəyərləndirilir.
Millət vəkili deyib ki, 8 Noyabr Zəfər Günü ərəfəsində şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı olaraq daha 130 mənzil təqdim olunub. Bütövlükdə, postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7500-dək, ümumilikdə isə 16 mindən çox mənzil verilib. Eyni zamanda, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 586, ümumilikdə isə 7700-dən çox avtomobil təqdim edilib.
“Ümumiyyətlə, həssas təbəqədən olan insanlara dövlət qayğısı davamlı xarakter daşıyır. Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması da bunun göstəricisidir. Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirləri nəzərəçarpacaq dərəcədə gücləndirilib, o cümlədən onlara yönələn sosial ödənişlər dəfələrlə artırılıb. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri uğurla davam etdirilir” – deyə Samir Vəliyev vurğulayıb.