BAKI, 5 noyabr. TELEQRAF
Bakıda “ASAN xidmət”in və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı”adlı beynəlxalq sammit davam edir.
Teleqraf xəbər verir ki, ikinci sessiyada “İdarəetmənin gələcəyi: baxış, missiya və transformasiya” mövzusunda nazirlərin çıxışları baş tutub.
Türkiyəni, Macarıstanı, Şri-Lankanı, Qvineyanı, Seneqalı, Nyu-York Dövlət Universitetini təmsil edən nümayəndələrin iştirakı ilə dövlət idarəçiliyinin gələcəyi, 2040-cı ilədək dövlət institutlarının inkişaf perspektivləri və idarəetmə sistemlərinin transformasiyası müzakirə olunub.
Müzakirələrdə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlət idarəçiliyinin təkmilləşdirilməsi, texnoloji tərəqqi, sosial dəyişikliklər və qlobal qeyri-müəyyənlik şəraitində yaranan əsas çağırışlar diqqət mərkəzində olub.
Eyni zamanda, dövlət institutlarının müasirləşdirilməsi, dövlət qulluğunda islahatların aparılması və sürətlə dəyişən dünyada daha çevik, səmərəli və vətəndaşyönümlü idarəetmə sistemlərinin formalaşdırılması yolları nəzərdən keçirilib.