BAKI, 4 noyabr. TELEQRAF

Azərbaycan ilə Əlcəzair arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası 2027-ci ilin birinci yarısında Bakıda keçiriləcək.

Teleqraf xəbər verir ki, bunu Əlcəzairin Azərbaycandakı səfiri Zəkiyyə İğıl ölkəsinin Milli Günü münasibətilə təşkil olunan rəsmi qəbulda bildirib.

Diplomat iki ölkə arasında siyasi dialoqun, parlamentlərarası mübadilələrin və mədəni əlaqələrin inkişaf etdiyini vurğulayıb.

O həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində tərəfdaşlığın əhəmiyyətini qeyd edib.

Zəkiyyə İğıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib:

“Neft və Qaz Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun cari ildə təsdiqlənməsi “Sonatrach” və SOCAR arasında əlaqələrin gücləndirilməsinə imkan verəcək”.

Səfir tarixi dostluq əlaqələri və iki ölkə iqtisadiyyatının bir-birini tamamlayan imkanları əsasında tərəfdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.