BAKI, 10 mart. TELEQRAF

Tovuz rayonunda 1999-cu il təvəllüdlü Nicat evlənmək məqsədilə yetkinlik yaşına çatmayan Laləni (adlar şərti verilib – red.) qaçırıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, o, Laləni evlənmək məqsədi ilə 2024-cü ildə Tovuz rayonunun kəndində yerləşən evinə aparıb.

Həmin vaxtdan Lalə ilə mütəmadi təbii yolla cinsi əlaqədə olub və Tovuz rayon Mərkəzi Xəstəxanasında ona 6 həftəlik hamiləlik diaqnozu qoyulub.

Xəstəxanadan yetkinlik yaşına çatmayan qızın hamilə olması barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. İstintaq orqanı tərəfindən Nicatın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Tovuz rayonunda valideynləri ilə birlikdə yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm, fərdi əməklə məşğulam. Lalə həmkəndlimdir. Mən orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollandım.

Sonra müddətdən artıq hərbi qulluqçu kimi, daha sonra gizir rütbəsində xidmətimi davam etdirdim. Məzuniyyətdə olduğum zamanlar Tovuz rayonuna gedib-gəlmişəm, həmçinin oxuduğum məktəbə getmişəm. Təxminən 3 il əvvəl Laləni əvvəllər oxuduğum məktəbdə gördüm və sevdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Lalə ilə mobil telefonda danışmağa başlayıb: “2024-cü ildə ailə vəziyyətimlə bağlı ordu sıralarından tərxis olundum və Tovuz rayonunda yaşamağa başladım. Lalə ilə münasibətimi davam etdirdim. Nəhayət, evlənmək qərarına gəldik.

Laləni Bakı şəhərində anası ilə birlikdə yaşadığı, ünvanını dəqiq bilmədiyim evin yerləşdiyi küçədən götürdüm və Tovuz rayonundakı evimə gətirdim. Maddi çətinliklərə görə toy məclisini təşkil edə bilməsək də, niyyətim Lalə ilə evlənmək olub”.

Nicatın ifadəsinə görə, Lalə ilə ilk dəfə cinsi əlaqədə olanda onun 15 yaşı olmasını bilib: “Lakin bütün cinsi əlaqə aktları könüllü olub. Lalə ilə ilk cinsi əlaqədə mən olmuşam, onun bakirəliyini mən pozmuşam”.

Zərərçəkmiş qismində ifadə verən Lalənin sözlərinə görə, Nicatı tanıyanda orta məktəbin 8-ci sinif şagirdiymiş: “Təxminən 3 ildir onu tanıyıram. Onda Nicat hərbçi idi. 2024-cü ildə ordu sıralarından tərxis olundu və Tovuz rayonunda yaşamağa başladı. Münasibətimiz davam etdi, evlənmək qərarına gəldik”.

Zərərçəkmiş qeyd edib ki, anası ilə atası təxminən 10 il əvvəl boşanıb: “Mən atamın himayəsində yaşamışam. Təxminən 3 il əvvəl anamla birlikdə Bakı şəhərində “Dərnəgül” adlı ərazidə yaşamağa başladım. Anam Bakı şəhərində restoranların birində qabyuyan işləyirdi. Nicatla evlənmək qərarına gələndə anamın yanında idim. Nicatla Bakıda anamla kirayədə yaşadığım ünvanın yaxınlığında görüşdük. Məni həmin gün götürərək Tovuz rayonuna - anası, atası və qardaşı ilə birlikdə yaşadığı evə gətirdi.

Ailə qurmaq üçün Nicatla getməyim barədə anama yolda mesaj yazdım. Maddi çətinliklərə görə toy məclisi qurulmadı. Həmin vaxtdan Nicat mənimlə mütəmadi olaraq öz razılığım əsasında cinsi əlaqədə olmağa başladı. Nicatla ər-arvad kimi birlikdə yaşamışıq. O mənim 15 yaşında olmağımı bilib”.

Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb.

Araşdırmalar zamanı məlum olub ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasında aparılmış müayinə zamanı 16 yaşına çatmamış Lalə 6 həftəlik hamilədir.

İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Lalənin qızlıq pərdəsinin anatomik tamlığının pozulması, onun hamilə qalmasının təsdiq edilməsi nəzərə alınaraq Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayətinin mövcudluğu sübuta yetirilib.

Təqsirləndirilən şəxs törətdiyi əməli bilavasitə 16 yaşına çatmamış Lalənin cinsi toxunulmazlığına qəsd edib. Obyektiv cəhətdən Nicat Lalə ilə onun razılığı ilə, könüllü cinsi əlaqədə olub. Əməl formal tərkibli olmaqla Nicatın 16 yaşına çatmamış Lalə ilə cinsi əlaqəyə girdiyi andan başa çatıb.

Belə ki, Nicat cinsi əlaqəyə girərkən Lalənin 16 yaşına çatmadığından xəbərdar olub, bunu dərk edib. Buna görə cinayət subyektiv cəhətdən təqsirin birbaşa qəsd növü ilə xarakterizə olunur.

Hökmdə göstərilib ki, Lalə ilə cinsi əlaqəyə girərkən Nicatın 25 yaşda, yəni 16 yaşdan artıq yaşda olub. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.

Qeyd olunub ki, Nicat bundan əvvəl də məhkəmənin hökmü ilə mühakimə olunub. O, hərbi xidmətdə olduğu dövrdə Cinayət Məcəlləsinin 333.3-cü (Zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə) maddəsi ilə təqsirli bilinib. Tərtər Hərbi Məhkəməsinin hökmü ilə o, 1600 manat cərimə olunub.

Bu iş üzrə hökmün icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olub. Hazırda Nicatın cərimə cəzasından 395 manat pul ödəyib, 1205 manat pul ödənilməmiş qalıb.

Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli sərəncamı ilə Nicat “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.

Bundan başqa, o, Prezidentinin 2021-ci il 24 iyun tarixli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə də təltif olunub.

Tovuz Rayon Məhkəməsinin hökmü ilə Nicat Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib. Nicatın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il müddətinə sinaq olmaqla 1 il şərti cəza verilib.

Bundan əvvəl təyin edilmiş 1205 manat miqdarda cərimə cəzasının müstəqil icra edilməsi qərara alınıb.

Təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulub.

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılıb.