
BAKI, 10 mart. TELEQRAF
Azərbaycanın yaşayış keyfiyyəti və iqtisadi göstəriciləri ilə bağlı yeni hesabat açıqlanıb.
Teleqraf xəbər verir ki, Azərbaycanda adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) 7,126 dollar, milli valyutada isə 12,114 manat təşkil edib. Bununla da Azərbaycan, 197 ölkə arasında 99-cu sırada yer alıb və əvvəlki göstərici ilə müqayisədə 1 pillə irəliləyib.
Alıcılıq qabiliyyəti nəzərə alınaraq hesablanan ÜDM isə 23 598 dollar (40 116 manat) olub ki, bu da ölkəni 81-ci sırada qərarlaşdırıb.
Bundan əlavə, Azərbaycan, siyahıda 197 ölkə arasında cinayətkarlıq səviyyəsinə görə 91-ci, yol qəzalarında ölüm faizinə görə isə 44-cü yeri tutub.
Yaşayış xərcləri indeksinə görə Azərbaycan 65-ci yerdə qərarlaşıb.
Xalis orta aylıq əməkhaqqı 475 dollar (808 manat) təşkil edib və bu göstərici ilə Azərbaycan 125-ci pillədə yer tutub. Maaş-xərc nisbəti isə 0,7 səviyyəsindədir ki, bununla da Azərbaycan 131-ci yerə yüksəlib.
Qeyd edək ki, Azərbaycan yaşayış üçün ən əlverişli 197 ölkə sırasında mövqeyini qoruyaraq 98-ci pillədə qərarlaşıb.