
BAKI, 6 mart. TELEQRAF
Qazaxıstan “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarə qəzasını araşdırmaq üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə əməkdaşlığı (ICAO) davam etdirəcək.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun direktoru Nikolas Rallo ilə görüşündə deyib.
Rəsmi bildirib ki, Qazaxıstan qəza ilə bağlı obyektiv və hərtərəfli araşdırmaya sadiqdir.
Bozumbayev hadisə yerinə müstəqil ekspert göndərdiyinə görə ICAO-ya minnətdarlığını bildirib:
“Bizə göstərdiyiniz davamlı dəstəyə, o cümlədən təşəbbüslərimizə verdiyi dəstəyə görə hökumət adından şəxsən sizə səmimi minnətdarlığımızı bildirmək istərdim. Biz bu araşdırmanı tam başa çatdırmaq üçün ICAO ilə işləməyə davam edəcəyik”.
Baş nazirin müavini vurğulayıb ki, hava qəzasının ilk günlərindən Qazaxıstan obyektiv və hərtərəfli araşdırmaya diqqət yetirib.
Hadisənin təhqiqatı üzrə yekun hesabat Çikaqo Konvensiyasına uyğun olaraq bu ilin sonunadək dərc olunacaq.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.