BAKI, 10 mart. TELEQRAF

Azərbaycanda ötən il elektron pul və ödəniş təşkilatlarının əməliyyatlarının illik həcmi 60,5 milyard manat, o cümlədən elektron pulun emissiyası və elektron pul ilə əməliyyatların həcmi isə 25,8 milyard manat olub.

Teleqraf Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”na istinadən bildirir ki, 2024-cü ildə ilk dəfə elektron pul, ödəniş təşkilatları, habelə operator fəaliyyəti lisenziyalaşdırılıb. İl ərzində 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 operatora Mərkəzi Bank müvafiq lisenziyalar verib.

Elektron pul – qəbul edilən pul vəsaiti məbləğində ödəniş xidməti istifadəçisinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən və elektron pulun emitenti ilə yanaşı, üçüncü şəxslər tərəfindən də ödəniş üçün qəbul edilən ödəniş alətidir.